“ƏDV geri al”da növbəti aydan dəyişilik olacaq. Yanvar ayından etibarən avtomobillər, alkoqollu içkilər və tütün məmulatları alan zaman ödənilən Əlavə Dəyər Vergisi (ƏDV) geri qaytarılmayacaq.
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov bildirib. O, əlavə edib ki, əvvəllər yalnız bu istisna neft və qaz məhsullarına tətbiq olunurdu:
“ƏDV-ni geri al kampaniyası çərçivəsində gələn aydan tətbiq ediləcək dəyişikliklərdəki müraciətlərlə bağlı qeyd etmək istərdik ki, “Vergi Məcəlləsi”nin 165-ci “Verginin sıfır (0) dərəcəsi ilə tutulması” maddəsinə bir sıra dəyişikliklər edilib. Artıq bu dəyişikliklər keçən cümə günü Milli Məclis tərəfindən təsdiq olunub. Bununla yanaşı, habelə tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilən ƏDV-nin də bir hissəsi gələn ildən etibarən geri qaytarılacaq.
Digər dəyişiklik yaşayış və qeyri-yaşayış sahələrinin alınması ilə bağlıdır. Yeni dəyişikliyə əsasən, fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir.
Qeyd edək ki, qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir.
Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra gələn aydan qüvvəyə minəcək”.
Dəyişikliyi “Sherg.az”a dəyərləndirən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, əslində bir çox ölkədə bənzər uyğulamalar var:
“Spirtli içkilərin, tütün məmulatlarının ƏDV-ləri geri qaytarılmır. Bu da məhz sağlam həyat tərzinin təşviqinə doğru atılan addım kimi dəyərləndirilir. Avtomobillərlə bağlı bu qaydanın təyin olunması o qədər də məntiqli deyil. Avtomobil də digər əşyalar kimi insanların gündəlik tələbatını ödəmək üçün kifayət qədər geniş yayılmış bir vasitədir. Alqı-satqının ƏDV -dən azad edilməsinin mənası yoxdur”.
İqtisadçı həmçinin əlavə edib ki, ümumiyyətlə, Azərbaycanda ƏDV-lərin geri qaytarılması ideya olaraq müsbətdir:
“Çünki ticarət işinin, kölgə iqtisadiyyatının ağardılması, ticarət dövriyyəsinin şəffaf şəkildə aparılması üçün təşviqi addımlarındandır. Lakin uyğulamada bəzi problemlər var. Onlardan biri bu addımın məntiqi qeyri-nağd ödənişləri həvəsləndirmək və nağd dövriyyəni azaltmaq üçün nəzərdə tutulub.
Amma ƏDV-lərin geri qaytarılması nağd ödənişlər üçün də müəyyənləşdirilib. Yəni nağd ödənişlər üçün 10 faiz, kartla, nağdsız ödənişlər üçün isə 15 faiz təşkil edir. Fikrimcə, burada da ciddi yanlışlıqlar var.
Nağd ödənişlərdə ƏDV-nin geri qaytarılması ümumiyyətlə, ləğv edilməlidir. Amma kartla ödənişlərdə ƏDV-nin geri qaytarılması faizi ən azı iki dəfə artırılmalıdır.
15 faizdən 30-a qaldırılmalıdır. Bu zaman vətəndaşların özlərində maraq yaranacaq ki, alış-verişləri onlayn qaydada həyata keçirsinlər. ƏDV-nin bir hissəsini geri qaytarmaqla kifayət qədər ciddi stimul olacaq.
Çünki ƏDV-lərin 30 faizi geri qaytarılacaqsa, bu, nəzərə çarpacaq bir maddi dəstək ola bilər”.