Çünki biz də dünyanın bir parçasıyıq, iqtisadi qanunlar bunu tələb edir
“Azərbaycanın illik buğda tələbatı 3.2 - 3.3 milyon tondur. Azərbaycanın buğda ilə özünütəminat səviyyəsi isə 60 faizə yaxındır”. Bu barədə millət vəkili Kamal Cəfərov deyib. Deputat bildirib ki, Azərbaycanın buğda idxal etdiyi əsas ölkələr isə Rusiya, Qazaxıstan və Ukraynadır: “Rəsmi məlumatlara əsasən, 1 ton buğdanın ölkəyə orta idxal qiyməti 2020-ci il üçün 214 dollar, 2021-ci il üçün isə 283 dollar olub. Buğdanın idxal qiyməti ortalama 1 il ərzində 70 dollar qalxıb. Buğdadan hazırlanan nemətlər, o cümlədən çörək, xüsusilə Azərbaycan xalqı üçün həm mənəvi, həm də maddi baxımdan həssas məsələdir.
Bəs, hökumət buğda ilə özünütəminatı 100 faizə çatdıra bilərmi? Çatdırarsa, çörəyin qiyməti neçəyə olar? Azərbaycanda əkin üçün yararlı olan 1.7 milyon hektar sahə var. Əkin üçün yararlı olan torpaqların hamısına taxıl səpmək olmaz, aqronomik həddi var. Aqrar Tədqiqatlar Mərkəzinin məlumatına əsasən, onsuz da bu həddi keçmişik. Bütün dünyada olduğu kimi, quraqlıq və iqlim dəyişikliyi də bu prosesə mənfi təsir göstərir. Digər bir məqam ondan ibarətdir ki, ölkədə istehsal olunan taxılın böyük hissəsi yem məqsədləri üçün istifadə olunur. Azərbaycanda fermerlərə yem üçün taxılın yetişdirilməsi daha sərfəlidir. Çünki həmin yemi saxladığı mal-qara üçün istifadə edir və ya istifadə edənlərə satır. Elə ona görə də mal ətinin 85 faizi, qoyun ətinin 98 faizi, südün 96 faizi, quş ətinin isə 54 faizi yerli fermerlər tərəfindən istehsal olunur”.
Parlament üzvü vurğulayıb ki, özümüzü 100 faizə yaxın taxılla təmin etsək belə, buğdanın qiyməti bahalaşacaq:
“Bu, iqtisadi modeldir. Azərbaycan nə qədər taxıl istehsal etsə də, onun qiyməti dünya bazarına uyğun olacaq. Yerli istehsalçı onu ixrac edəcək. Hökumətin hesabatında qeyd edilir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra həyata keçirilən dövlət dəstəyi tədbirləri nəticəsində ölkədə özünü taxılla təmin etmək 30 faizdən 60 faizə çatdırılıb. Dünyada taxıl idxalından asılı olan yeganə ölkə deyilik. Əksər ölkələr, o cümlədən Braziliya, Yaponiya, İsveçrə, Gürcüstan və digər ölkələr buğda idxalından 40 faizdən çox asılıdır. İsrail, Hollandiya və Cənubi Koreya kimi ölkələr 80 faizdən çox buğda idxalından asılıdır. Yəni dünya bazarında taxılın bahalaşması təkcə Azərbaycana deyil, başqa ölkələrə də öz təsirini göstərir”.