Qadınların biznes imkanları genişlənməlidir

Gender bərabərliyinə nail olmağın yollarından biri məhz qadınların iqtisadi asılılığını azaltmaqdı

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

Gender bərabərliyinin təmin edilməsi Azərbaycan dövlət siyasətinin prioritet sahələrindən biridir. Müsbət hal budur ki, bu məsələdə dövlət orqanları ilə yanaşı qeyri-hökumət təşkilatları da aktivdir və müxtəlif layihələr həyata keçirməklə ilk növbədə qadınlara, o cümlədən dövlət orqanlarına yardım edirlər. Məsələn, bu günlərdə ictimai iki təsisat arasında maraqlı razılaşma əldə olunub. Azərbaycan Kənd Qadınları Assosiasiyası və “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb. 

Memorandum barədə “Şərq”ə məlumat verən “Təmiz Dünya” sədri Mehriban Zeynalova qeyd etdi ki, memorandum çərçivəsində “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi və Azərbaycan Kənd Qadınları Assosiasiyası gender əsaslı zorakılığa məruz qalmış qurbanların müəyyən edilməsi, təhlükəsizliyin (sığınacaq) təmini, qadın və uşaqların sosial-psixoloji reabilitasiyası, uşaqların təhsili ilə yanaşı onların cəmiyyətə inteqrasiyasına dair müvafiq hüquqi sənədlərin hazırlanmasını və qanunvericilik sənədlərinə təkliflərin hazırlanmasını həyata keçirəcəklər. 

Azərbaycan Kənd Qadınları Assosiasiyası fəaliyyət göstərdiyi rayonların ərazisində yaşayan gender əsaslı zorakılıq qurbanları olan qadın və uşaqların aşkarlanmasına dəstək verəcək, onların sığınacağa istiqamətləndirilməsini həyata keçirəcək, qadınların iqtisadi güclənməsi üçün ehtiyacları müəyyən edəcək, yerli qurumlara qadınların problemlərinin həlli yönümündə müraciət edəcək, o cümlədən bu kimi məsələləri öz resurslarına daxil olan Qadın İnkişaf və Müəssisə Qruplarının fəaliyyətinə daxil edəcək. Anlaşma Memorandumunun məqsədi zorakılığa məruz qalmış qadın və uşaqların təhlükəsizliyinin təmini, sosial-maddi durumu aşağı olan qadınların sosial problemlərinin həlli istiqamətində “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi və Azərbaycan Kənd Qadınları Assosiasiyası arasında əməkdaşlığı möhkəmləndirməkdir. M.Zeynalova qeyd etdi ki, gender bərabərliyinə nail olmağın yollarından biri, hətta əsas istiqamətlərdən biri qadınların iqtisadi asılılığını azaltmaqdır. 

Bu məqsədə nail olmaq üçün qadınların biznes imkanları genişlənməlidir. Bu istiqamətdə müəyyən işlər aparılır:  

- Məsələn, kəndlərdə aqrobizneslə məşğul olan fermer qadınlar Azərbaycan Kənd Qadınları Assosiasiyasında birləşir. Kənd Qadınları Assosiasiyası ölkədə Qadın İnkişaf Qruplarının milli şəbəkəsi kimi fəaliyyət göstərir. Təşkilatlanma sayəsində qadınların hazırda fəaliyyət göstərdikləri qruplar güclənir, yeni qruplar da yaranır. Əsas məsələ təşkilatın biznes inkubatorlara dəstək verməsi və rəsmi maliyyə kanallarına çıxışın təmin edilməsidir. Bu, qadınlara öz bizneslərinin həcmini və miqyasını genişləndirməyə imkan verir. Assosiasiyanın özəyi Qadın İnkişaf Qruplarıdır. Qadınların iqtisadi səlahiyyətləndirilməsi üzrə bu innovativ modeli hazırda Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Dünya Bankı ilə tərəfdaşlıqla həyata keçirilir. İndiyədək 361 qadını özündə birləşdirən 30 Qadın İnkişaf Qrupu yaradılıb.

 Qadın İnkişaf Qrupları 10-20 qadından ibarətdir. Bu qruplara maliyyə savadlılığı, biznes və həyat bacarıqları üzrə təlimlər verilir. Dövlətin dəstəyi ilə  İcma Biznes Təbliğatçıları və Kənd Biznes Mütəxəssislərindən təşkil olunmuş dörd biznes inkubatoru yaradılıb və onlar sahədə marketinq araşdırması, uçot aparılması və maliyyə təhlili kimi biznes inkubasiya və inkişaf xidmətləri təklif edirlər. Kəndlərdə qadın qruplarına dəstək göstərmək məqsədilə təlim almış və yüksək biznes bacarıqlarına malik gənclərdən ibarət kadr heyəti yaradılır. Burada məqsəd kənd yerlərində məşğulluğun artırılması, əhalinin rifah halının yaxşılaşdırılması məqsədi ilə qadınların bütün təşəbbüslərini dəstəkləməkdir. Qadınlar şirniyyat evi açır, təndir, xalça toxuma sexi, dərzi dükanı, inkubator kimi biznes sahələriylə məşğul olurlar. Bu, qadınların iqtisadi gücünü artırır və onları iqtisadi asılılıqdan azad edir. Gender bərabərliyi üçün bu, çox vacib şərtdir. 

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq  Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Kənd Qadınları Assosiasiyası üzvləri ilə videoformatda görüş keçirilmişdi. 

Görüş zamanı da kənd qadınlarının müdafiəsi, təminatı əsas müzakirə mövzusu olmuşdu. Komitə sədri Bahar Muradova qeyd etmişdi ki, ilk dəfə olaraq 2020-ci il dekabr ayında Dövlət Komitəsinin gender bərabərliyinin təmin edilməsinə dair həm Azərbaycan daxilində, həm də beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində fəaliyyəti haqqında hesabat hazırlanıb və Milli Məclisə təqdim edilib. Komitə fəaliyyəti dövründə qadınların, xüsusilə də kənd qadınlarının məşğulluğunun artırılmasında böyük işlər həyata keçirib, qadınlara dəstək olub. Hazırkı post-münaqişə dövründə də Komitə  bu prosesi davam etdirəcək və qadınların işğaldan azad edilmiş ərazilərdə məşğulluğunun təmin edilməsi istiqamətində çalışacaq. Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova isə bildirib ki, ucqar kənd və qəsəbələrdə yaşayan qadınların fəaliyyət  imkanları məhduddur. Buna baxmayaraq Dünya Bankı və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə reallaşdırılan Qadın İnkişaf və Müəssisə Qrupları layihəsinin yardımı ilə qadınların nəinki öz bizneslərinin, eləcə də öz icmalarının, regionlarının inkişafına töhfə verə bilirlər. 

O, həmçinin bu gün 15 rayonda fəaliyyət göstərən və 490 kənd qadınını birləşdirən 39(QİMQ  yaradılmasının qadınların kollektivlərdə birləşərək öz vəsaitləri hesabına bizneslərini qurmasına imkan yaratdığını vurğulayıb.