Dünən Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Mərkəzi Bankdan verilən məlumata görə, hərracda tələb 40,6 mln. ABŞ dolları təşkil edib və tam təmin olunub.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Qeyd edək ki, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (5 may 2022-ci il tarixində keçirilib) müqayisədə 31,8 faiz artıb. Ötən valyuta müzayidəsində bankların tələbi 30,8 mln. ABŞ dolları təşkil edib.
Tanınmış iqtisadçı-alim, iş adamı Nazim Bəydəmirli "Şərq"ə açıqlamasında bildirib ki, dollara tələbatın artmasının bir neçə səbəbi ola bilər:
"Fiziki şəxslərin tətilqabağı tələbatları çoxalır. Bir çox insan may ayında istirahətə yollanır. Xarici səfərlərə gedir, o zaman valyuta tələbi çoxluq təşkil edir. Eyni zamanda obyektiv səbəblərin olması da mümkündür. Dünyada ərzaq məhsullarının, istehlak mallarının qiymət bahalaşması hökm sürür.
Bu səbəbdən şirkətlərin də xərci arta və idxalla məşğul olan şirkətlərin də valyutaya əlavə sifarişləri ola bilər.
Eyni zamanda xarici valyutada borcu olan bankların ödəmələrinin vaxtı çatır. Yəni əsasən, təqvim ilinin sonuna daha çox mövsümi artımlar, həm ilin sonuna ödənişlər, həm də xaricə gedənlər daha çox tələb olunur. Daha çox ağırlıq qiymət artımı ilə bağlıdır.
Ölkəyə daxil olan ərzaq məhsullarının artımına tələb olunan valyuta ehtiyacıdır".