Uşaqpulunun bərpası Azərbaycanda daim müzakirə predmetinə çevrilən məsələlərdən biridir. Ümumiyyətlə, dünyada uşaqpulu verən dövlətlər arasında ərəb ölkələri və Avropanın bəzi dövlətləri qərarlaşıb. 2006-cı il iyunun 1-dən Azərbaycanda uşaqpulu verilmir. Həmin dövrdə bu qərar uşaqlar üçün verilən pulun məbləğinin az olması ilə əsaslandırılıb və dövlətin ünvanlı sosial yardıma üstünlük verdiyi açıqlanıb.
Bəzi ekspertlər, həmçinin vətəndaşların bir qismi bütün uşaqların sağlam böyüməsi üçün onların sosial müavinət almalarının vacibliyini vurğulayırlar.
İndiki dönəmdə uşaqpulunun bərpası nə dərəcədə realdır?
"Sherg.az"ın sualını cavablandıran iqtisadçı-alim Nazim Bəydəmirlinin sözlərinə görə, Azərbaycan uşaqpulu məsələsində heç bir məntiqə əsaslanmayan və sivil dünyanın təsdiqlədiyi metodlardan yararlanmayaraq inadkarlıq göstərir:
"Uşaqpulu heç də demokrafiq problemlərlə bağlı verilmir. Avropa və digər ölkələrdə valideynlərlə bərabər, dövlət gələcək nəslin inkişafı, savadlı böyüməsi üçün özü məsuliyyət daşıyır. Dövlət xərclərini uşaqların sağlamlığı, düşüncəsi, eyni zamanda atalıq qayğısını hiss etməsinə görə nizamlayır. Bəzi ölkələr uşaqpulu müavinətləri ailələrin gəlirlərinə uyğun bölmürlər. Uşaq böyüyüb sağlam vətəndaş olana qədər dövlət onun xərclərinin müəyyən hissəsini qarşılayır, ailənin maddi durumunu yüngülləşdirir. Sosial yardımın gəldiyi vaxtlar dünyadan məlumatsız şəxslər “Uşaqpulu doğumu stimullaşdırır, artımla bağlı problem yoxdur" adı ilə müavinətin ləğvini gündəmə gətiriblər".
İqtisadçının qənaətincə, ünvanlı sosial yardım illər boyu büdcədən mənimsəmələrlə nəticələnib:
"İnstitut , sonra isə məşğulluq işləməyib. Çünki korrupsiya, rüşvət olan ölkələrdə belə sistem çalışmır. Ermənistan, Gürcüstan kimi qonşu dövlətlərdə, ümumilikdə dünyada subsidiyalaşma yolu ilə uşaqların böyüməsi üçün uşaqpulu mövcuddur.
Dövlət əsassız yarışlara, əyləncələrə, iqtisadiyyatımıza fayda verməyən digər məsələlərə kifayət qədər yüksək vəsait yatırır. Hökumətin inadkarlıq sərgiləyərək əhalinin əsas problemi uşaqpulunu verməməsi doğru deyil, aradan qaldırılmalıdır".