Türkiyədə dollar yenidən bahalaşdı! – Siyasi amillə bağlıdır? – AKTUAL ŞƏRH

“İsveçin və Finlandiyanın NATO-ya girişinə veto qoyacaqlarına dair bəyanatı Türkiyənin yenidən Qərblə münasibətlərinin kəskinləşəcəyi ehtimallarını yaratdı”

“Bu da valyuta bazarlarına, eyni zamanda türk lirəsinin dollar və avro qarşısında ucuzlaşmasına şərait yaradan fakta çevrildi"


Son günlər Türkiyə lirəsi yenidən dəyər itirməyə başlayıb. Qardaş ölkənin milli valyutası 1 dollar qarşılığında təqribən 16 lirəyə bərabər olub. Halbuki son həftələrə qədər bu rəqəm 14 lirə ətrafında idi.
Azərbaycanın ticarət əməliyyatlarında daha bir mühüm yer tutan valyutanın - avronun ucuzlaşma tempi də irəliləyir. İndi 1 avro 1 dollar 4 sent və ya 1 manat 76 qəpiyə təklif edilir.

Dolların bahalaşması ilə bağlı "Sherg.az"a açıqlama verən iqtisadçı - ekspert Natiq Cəfərlinin fikirlərinə görə, Türkiyədə dolların bahalaşmasının əsas səbəbi dünyada dollar indeksinin artmasıdır:

"Federal Rezerv Sistemi dolların faizini, uçot dərəcəsini 0,50 faiz artırdıqdan sonra dollar bahalaşmağa başladı. Bahalaşmaya dair trend geosiyasi amillərlə də bağlıdır. 

Qardaş ölkə Prezidentinin İsveçin və Finlandiyanın NATO-ya girişinə veto qoyacaqlarına dair bəyanatı Türkiyənin yenidən Qərblə münasibətlərinin kəskinləşəcəyi ehtimallarını yaratdı.

Bu da valyuta bazarlarına, eyni zamanda türk lirəsinin dollar və avro qarşısında ucuzlaşmasına şərait yaradan fakta çevrildi".