Qazanc da artacaq, iş yerləri də...

Qarabağda çalışan iş adamlarına tətbiq olunan yeni güzəştlər bölgəyə kapital axınını sürətləndirəcək


  Azərbaycanın azad edilmiş ərazilərində fəaliyyət göstərən iş adamları üçün bir sıra yeni güzəştlərin edilməsi nəzərdə tutulur. İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Elxan Şiriyevin sözlərinə görə, vergi və gömrük güzəştlərinin 15 ilə qaldırılması, bir sıra xam malların gömrük rüsumlarından azad edilməsi ilə bağlı məsələ gündəmdədir: "Bu, işğaldan azad edilmiş ərazilərdə yaradılan sənaye parklarının cəlbediciliyini artıracaq".

  Xatırladaq ki, hazırda sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən azaddır. Bundan başqa, parkın rezidentləri idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar.

  Ekspertlər  isə hesab edirlər ki, sahibkarların bölgəyə marağı və investisiya istəyi az deyil. Buna real şərait, zəmin və müvafiq çağırış da var. Sadəcə, müəyyən tərəddüdlər mövcuddur ki, bu da təbiidir. Birincisi, sahibkarlarımızın çoxunda qısamüddətli qazanc istəyi güclüdür, ikincisi, sözügedən bölgənin və ya iqtisadi rayonların potensialına dair ətraflı və çevik bilgi səviyyəsi qənaətbəxş həddə deyil, üçüncüsü, gizlində təhlükəsizliyə zəmanət istəyi mövcuddur, dördüncüsü isə qeyd olunan bölgədə biznes və sahibkarlıq fəaliyyəti üçün ola bilsin əlavə güzəştlər gözlənilir və s.

  İqtisadçı-ekspert Əyyub Kərimlinin "Şərq" ə açıqlamasına görə, işğaldan azad edilmiş ərazilərdə yaradılan sənaye parklarında fəaliyyət göstərən sahibkarlar üçün vergi və gömrük güzəştlərinin 15 ilə qaldırılması, bir sıra xam malların gömrük rüsumlarından azad edilməsi  həm iş adamlarının bölgəyə marağını artıracaq, həm də onların əməyini stimullaşdıracaq:

 "Bu həm də  iş adamlarını işğaldan azad edilmiş ərazilərdə yeni  iş yerlərini açmağa sövq edəcək. Nəticədə onların gəlirləri və maaşları artacaq və  bu da  görülən işin səmərəli olmasına, fəailiyyət istiqamətlərinin genişləndirilməsinə imkan yaradacaq". 

  Ekspert  işğaldan azad edilmiş ərazilərdə yaradılan sənaye parklarına yerli  sahibkarların cəlb edilməsini təqdirəlayiq hal kimi dəyərləndirib. Onun sözlərinə görə, bu, bölgənin infrastruktur və investisiya imkanlarını genişləndirəcək, həm də bir sıra yeni iş yerlərinin açılmasına müsbət təsir göstərəcək. Sözügedən güzəştlər gələcəkdə bölgəyə digər sahibkarlıq subyektlərinin  və investorların cəlbediciliyini təmin edəcək, kapital axınını sürətləndirəcək və nəticədə bölgənin iqtisadi rifahı yüksələcək.

  Ə.Kərimli hesab edir ki, Qarabağda kiçik və orta biznesin inkişafı bu yerlərdə daha da canlanmaya səbəb ola bilər. Əlbəttə ki, iri şirkətlərin fəaliyyəti vacibdir və onlar da məşğulluğun formalaşdırırılmasında böyük yer tuturlar. Lakin iqtisadi sistemin mərkəzində KOB-lar yer almalıdır:

 "Fikrimcə, sahibkarlar üçün işğaldan azad olunmuş ərazilərdə tekstil istehsal, kənd təsərrüfatı məhsulları tədarükü, eyni zamanda qida emalı, həmçinin  müxtəlif növ xidmət sahələrində biznes qurmaq və fəaliyyət göstərmək imkanları var. Bundan əlavə, sadalanan sahələrdə hələ ki, rəqabət yoxdur, ona görə də, sərmayə qoyuluşunda birincilik daha çox qazanc gətirə bilər və gətirəcək". 

  İqtisadçının sözlərinə  görə,  işğaldan azad olunmuş  sərhədyanı ərazilərdə Azad iqtisadi zonaların tətbiqi də iqtisadi inkişafa müsbət effekt verər. 

 Qarabağ bölgəsi İranla həmsərhəddir və Zəngəzur dəhlizinin üzərində yerləşir. Bu, gələcəkdə bölgəyə xarici investorların cəlb olunmasına zəmin yarada bilər.