Vətəndaşlar bahalaşmadan sonra daha çox dizel və hibrid avtomobillərə üstünlük verəcək
Avtomobil bazarında da qiymət dəyişiklikləri müşahidə olunub.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) araşdırmalarına görə, mərkəz tərəfindən aparılan monitorinqə əsasən, 20 min manatadək olan avtomobillərin qiyməti 4 faiz yüksəlib.
Aİ-95 markalı benzindən istifadə edən və daha bahalı avtomobillərə tələbin azalması müşahidə olunub. Həmin növ avtomobillərin qiymətində dəyişiklik qeydə alınmayıb.
Aİ-95 markalı benzinin qiymətinin bahalaşmasının avtomobil bazarına təsirini şərh edən ekspertlər də CESD-in məlumatını təsdiqləyib.
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov “Şərq”ə açıqlamasında deyib ki, Azərbaycana idxal olunan yeni avtomobillərin böyük əksəriyyəti Aİ-95 markalı benzinlə işləyir:
“İkinci əl avtomobil bazarında isə Aİ-92 markalı benzinlə çalışan avtomobillər üstünlük təşkil edir. Aİ-95 markalı benzinin qiymətinin yüksəlməsi Azərbaycanın avtomobil bazarında qiymətlərin kəskin artımı və ya azalmasına gətirib çıxarmayacaq. İkinci əl avtomobil bazarında Aİ-95 markalı benzinlə işləyən avtomobil vasitələrinə tələbat azalsa da, qiymətlərdə kəskin dəyişmə olmayacaq”.
E.Cəfərov deyib ki, yüksək oktanlı benzinin qiymətinin artması dizel və hibrid avtomobillərə marağı artıracaq. Eyni zamanda kiçik mühərrikli avtomobillərə də tələb artacaq: “Dediyim kimi, benzinin qiyməti artdıqca dizel mühərrikli avtomobillərə maraq artır. Bu, o qədər də xoşagələn hal deyil. Çünki bu tip mühərrikə malik nəqliyyat vasitələri atmosferə daha çox CO2 qazı buraxır və havanı daha çox çirkləndirir”. Ekspert xüsusi olaraq qeyd edib ki, Aİ-95 markalı benzin yalnız bahalı avtomobillərdə istifadə olunmur. Bu gün dünyada istehsal olunan bütün komfortlu və təhlükəsiz, müasir tələblərə cavab verən avtomobillərin hamısı Aİ-95 markalı benzinlə çalışır və bu cür avtomobillər bizim ölkəmizə də idxal olunur".
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov da hesab edir ki, çox yanacaq işlədən və daha yüksək markalı benzin tələb edən avtomobillərə marağın azalacağı gözlənilir. Ekspert deyib ki, hibrid və elektromobillərin baha, köhnə avtomobillərin isə ekoloji problemləri olduğundan, benzinin qalxması bahalı və yeni avtomobillərin dövriyyəsinə təsir edəcək: “Aİ-95 və Aİ-98 markalı benzinin qiymətinin qalxmasının ikinci əl avtomobillərin satışına mənfi təsiri gözləniləndir. Çünki avtomobil almaq istəyən şəxs "Premium" markalı benzinin baha olması səbəbilə ya Aİ-92 benzinlə işləyən, ya dizellə və ya sıxılmış qazla işləyən, ya da hibrid mühərrikli avtomobillərə və elektromobillərə üz tutacaq. Amma müasir hibrid avtomobillər də Aİ-95 markalı benzin işlədirlər. Hər halda daha çox yanacaq işlədən və daha yüksək markalı benzin tələb edən, avtomobillərə marağın azalacağı gözləniləndir.
İnsanlar yeni avtomobil alsalar, benzinə çox pul xərcləməli olacaqlar. Benzin problemi olmayan hibrid və elektromobillərin isə özləri bahadır. Köhnə avtomobillərin isə ekoloji problemləri var. Hər halda benzinin qalxması bahalı və yeni avtomobillərin dövriyyəsinə təsir edəcək”.
Ə.Hüseynovun sözlərinə görə, bəzi avtomobillərin qiymətində də dəyişikliyin ola bilməsi istisna deyil: “Bu məsələnin xaricdən Azərbaycana sıfır kilometrajla idxal olunan avtomobillərin qiymətinə təsir edəcəyi gözlənilmir. Amma artıq Azərbaycanda istifadədə olan ikinci əl avtomobillərin qiymətinə az da olsa təsir edə bilər. Yəni o avtomobillərə maraq azalar. Maraq azalanda isə qiymətlər cüzi də olsa azala bilər. Belə ki, hazırda ikinci əl olan və "Premium" markalı benzin işlədən avtomobillərin qiyməti ucuzlaşa bilər. Amma Aİ-92 markalı benzin və ya dizellə çalışan avtomobillərin qiymətində dəyişiklik gözlənilən deyil. Olsa da, bəlkə qısamüddətli və cüzi artım ola bilər”.