Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib. Tədbir zamanı cari ilin sentyabr ayında düşmən təxribatı nəticəsində döyüşlərdə Şəhid olmuş hərbçilərimizin banklara olan bütün növ kredit öhdəliklərinin və onlara hesablanmış faizlərin tam həcmdə silinməsi məsələsi yekdilliklə təsdiq edilib. Bundan başqa bir sıra özəl mağazalarda da şəhidlərin və onların ailələrinin borcları silinib.
Bu addımın Azərbaycanda cəmiyyət ilə ordunun amallarının bir olmasının göstəricisi olduğunu deyən iqtisadçı Natiq Cəfərli “Sherg.az"a bildirib ki, təşəbbüs müsbət dəyərləndirilməlidir:
“Sözügedən məsələ sosial məsuliyyətin artırılmasında böyük önəm daşıyır.Bu dövlət müəssisələrinin və şəxsi mağazaların şəhid ailələrinin problemlərinin həllində daha duyarlı davranması üçün önəmli örnəkdir. Şəhid ailələrinin və qazilərin sosial problemlərinin həlli boynumuzun borcudur.
Ümid edirəm ki, bundan sonra onlara ayrılan diqqət daha da artırılacaq. Əgər dövlət orqanları da bunda iştirak etmək üçün dövlət büdcəsindən vəsaitlər xərcləyəcəklərsə lap gözəl. Təşəbbüsü alqışlayır və gələcəkdə dövlət orqanlarının və şəxsi mağazaların daha aktiv olmasını arzu edirım. Buradan şəhidlərimizə rəhmət xalqımıza və onların ailələrinə səbir diləyirəm”