Hökumət çox ziyana düşəcək

Daha hər kəs siqaretini və içkini yaxınlıqdakı dükandan alacaq

Adı çəkilən məhsulların “ƏDV-ni geri al” mexanizmindən kənarlaşdırılması əks effekt verəcək

  Alkoqollu içkilər və tütün məmulatları aldıqda ƏDV geri qaytarılmır. Bir neçə gündür tətbiqinə başlanan yenilik alıcılarda sual doğurub. Halbuki spirtli içkilər və siqaret də “ƏDV-ni geri al” kampaniyasına aid idi. Dövlət Vergi Xidməti bu məsələyə aydınlıq gətirib. DVX-dən verilən məlumata görə, 2022-ci ilin yanvarın 1-dən Vergi Məcəlləsində əlavə və dəyişikliklər edilib ki, bu dəyişikliklərin bir istiqaməti də “ƏDV geri al” mexanizminin təkmilləşdirilməsi çərçivəsində avtomobillər, alkoqollu içkilər və tütün məmulatlarının alışına ƏDV-nin qaytarılmasının istisna edilməsi ilə bağlıdır. 

Dəyişikliyə əsasən, 2022-ci il oktyabrın 1-dən etibarən istehlakçılar tərəfindən alınmış alkoqollu içkilərə və tütün məmulatlarına münasibətdə ƏDV geri qaytarılmır. Buna səbəb alkoqollu içkilərin və tütün məmulatlarının əhalinin sağlamlığına mənfi təsir göstərən zərərli məhsullar olmasıdır.

Bu mıhsulların məhz zərərli olduğu nəzərə alınaraq, həmin məhsullar ƏDV-nin geri qaytarılması şəklində stimullaşdırıcı tədbirlərin dairəsindən çıxarılıb. Bununla yanaşı, “ƏDV geri al” mexanizminin tətbiqinə başlandıqdan ötən müddət ərzində aparılan təhlillər nəticəsində, ƏDV-nin qaytarılması prosesində xüsusilə alkoqollu içkilər və tütün məmulatlarının alqı-satqısı zamanı sui-istifadə hallarının yaranması müşahidə olunub.   

Əlavə olaraq bildirilir ki, Vergi Məcəlləsinə edilmiş dəyişiklik ilə ƏDV-nin geri qaytarılması mexanizmi pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti ilə yanaşı, 2022-ci il 1 yanvar tarixindən etibarən tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə də aid edilir.

  Alkoqollu içkilər, tütün məmulatlarının sağlamlığa zərəri zatən bəllidir. Alkoqollu içki şüşələrinin üzərində “içmə, öldürər!”, yazılmasa da, siqaret qutularının üzərində dövri-qədimdən “siqaret çəkmək sağlamlığınıza ziyandır” xəbərdarlığı yazılır. Yəni alkoqollu içkilərin, tütün məmulatlarının ziyanlı olması indi niyə yenilik kimi gündəmə gəlir və ƏDV geri qaytarılmır, halbuki, pərakəndə satış mərkəzlərində ən çox satılan məhsulun, çörəkdən sonra, alkoqollu içkini deyə bilmərik, amma siqaret olması qətidir. 

  İqtisadçı Fuad İbrahimov “Şərq”ə açıqlamasında tütün məmulatları və alkoqollu içkilərin “ƏDV-ni geri al” mexanizmindən kənarlaşdırılmasının, əsasən sağlamlığa ziyanla əlaqələndirildiyini, lakin başqa gerçəklərin də olduğunu dedi: 

- Spirtli içkilərin və tütün məmulatlarının “ƏDV-ni geri al” mexanizmində xüsusi çəkisi böyük idi. Çörəkdən sonra ən çox işlənən, tələbatın böyük olduğu məhsul tütün məmulatlarıdır. Alkoqollu içkilər sırasında da kifayət qədər bahalı markalar, brend məhsullar var ki, onların satışı zamanı bəlirli miqdarda ƏDV alıcıya geri qayıdırdı. Belə deyək ki, “ƏDV-ni geri al” mexanizmində tütün məmulatları və alkoqollu içkillərə görə alıcıya qayıdan faiz göstəricisi böyük olurdu. Bu da büdcə gəlirlərinə əhəmiyyətli təsir edirdi. Baxmayın ki, alıcıya qəpik-quruş qayıdır. “Dama-dama göl olar” prinsipi var. Təsəvvür etsəniz, 24 saat ərzində super-marketlərə nə qədər insan daxil olub, alış-veriş edib çıxır, geri qayıdan ƏDV heç də kiçik rəqəm deyil. Hökumət özü vətəndaşa geri qaytarılan ƏDV miqdarının böyük olması ilə öyünür. Əslində, bu, dünya praktikasında var. Bizdə də tətbiq edilməyə başlanıldı. 

Amma görünür, tütün məmulatları və alkoqollu içkilərin alışından geri qayıdan ƏDV-nin payı hesablanıb və ortaya böyük rəqəm çıxdıqda, bunun büdcəyə sərf etmədiyi görülüb. Amma hesab edirəm ki, adını çəkdiyimiz məhsulların “ƏDV-ni geri al” mexanizmindən kənarlaşdırılması əks effekt verəcək. 

Çünki dünənədək vətəndaş "ƏDV-ni geri al"da maraqlı idi. Vətəndaş ƏDV ödəyicisi olan və ƏDV-ni geri qaytaran satış mərkəzlərinə üz tuturdu. Az və ya çox, kim mənfəətdən qaçar? Amma adıçəkilən məhsulların alışına görə ƏDV geri qaytarılmadığından vətəndaş marketlərə, ƏDV ödəyicisi olan satış mərkəzlərinə getmək marağında olmayacaq. 

Evdən çıxıb yaxınlıqdakı dükandan, köşkdən siqaret alacaq. Niyə özünə əziyyət versin? Dünənədək vətəndaş ağıllı hərəkət edirdi, marketə ümumi bazarlığa, alış-verişə gedəndə siqareti də ordan alırdı. 

ƏDV-si də nisbətən çox geri qayıdırdı. Artıq bu imkan yoxdursa, vətəndaşın da marketə getmək marağı olmayacaq. Bu da büdcəyə əhəmiyyətli təsir edəcək, üstəlik, gizli iqtisadiyyat da yenə işə düşəcək. Mümkündür ki, bir müddət sonra bəzi başqa məhsullara münasibətdə də ƏDV geri qaytarılmasın. Fikrimcə, bitki yağları, ümumən yağ məhsulları da ƏDV-ni geri qaytardan azad ediləcək. Hökumət vergidən yayınmanın qarşısını almaq üçün, tütün məmulatlarının, alkoqollu içkilərin pərakəndə satışında yeni qaydalar tətbiq etmək fikrinə düşə bilər. 

Tutaq ki, kiçik həcmli satış məntəqələrinə bu məhsulların satışı qadağan edilər. Lakin bu, daha böyük problemə yol açar. Bazar münasibətləri deqradasiyaya uğrayar. Bu, iqtisadiyyat üçün tənəzzül olar. Ümid edirəm ki, hökumət buna getməz. Lakin hesab edirəm ki, tütün məmulatları və alkoqollu içkilərin “ƏDV-ni geri al”dan azad edilməsi doğru addım deyil. Hökumət bundan xeyir əldə etməyəcək, əksinə, ziyan çəkəcək.