AZAL, az al! – Deputatlar da dilə gəliblər!


"Azərbaycanda hava nəqliyyatı sahəsində ciddi uğurlar qazanılmayıb. Bu işdə qeyri - şəffaf fəaliyyət göz önündədir. AZAL-ın gəlir və xərclərinin optimallaşdırılması istiqamətində addımlar atılmır".
Bunu "Sherg.az"a açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov AZAL-da bilet qiymətlərinin yüksək olmasıa dair səslədirilən iddialara münasibət bildirərkən deyib. İqtisadçının qənaətincə, Azərbaycan vətəndaşları bahalı hava nəqliyyatdan istifadə etmək məcburiyyətində qalır:

"Azərbaycan turizm məkanı kimi əlçatan deyil. Yalnız Azərbaycan Hava Yollarının (AZAL) modelinə yox, hava nəqliyyatının idarə edilməsinə yeni yanaşma ortaya qoyulmalıdır. Hava nəqliyyatı infrastrukturu hava yolu şirkətinin tabeliyində olmamalıdır. 

AZAL həm hava yolu şirkətdir, həm də ölkənin hava nəqliyyatı infrastrukturunu idarə edir. Belə olan halda maraqlar toqquşması yaranır. Həmin maraqlar konflikti isə AZAL-ın öz hava yolu şirkəti maraqlarını Azərbaycanın hava məkanında qoruması instiktinin güclənməsi, həmçinin lokosterlərin, güclü rəqiblərin bazara buraxılmaması ilə nəticələnir. Başqa sözlə desək, rəqabət mühitini pozur".

Ekspert təklif edib ki, hava nəqliyyatı infrastrukturu peşəkar idarəedici şirkətlərin tabeliyinə verilməlidir:

"Dünyada çoxlu sayda belə şirkətlər var. Türkiyə, Gürcüstan, Qazaxıstan təcrübəsinin Azərbaycana daşınması uğurlu olar. Azərbaycanda mövcud hava limanlarının səmərəli istifadəsi ilə əlaqəli regionlaşma da ortaya qoyulmalıdır. Bakı hava limanından başqa regionlarda yerləşən hava limanları zərərlə işləyirlər. İl ərzində 200 min adam daşımırlar. Gəncə aeroportunun sərnişindaşıma gücü 350 minə yaxındır. Amma 30-40 faizi istifadə edilir. Bu gün hava nəqliyyatı sahəsi nəinki işğaldan azad olunan torpaqlarda, əsas iqtisadiyyatda da səmərəli deyil. 

İşğaldan azad olunan ərazilərin hava nəqliyyatı istifadə əmsalının yüksəlməsi uzun müddət tələb edir. Məskunlaşma, biznesin yerləşməsi və s. faktorlar öz yerini tutmalıdır. Əsas iqtisadiyyatda bu problem həllini tapmalıdır".

Qeyd edək ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin iclasında AZAL-la bağlı məsələ qaldırıb. Deputat bu qurumun təyyarə biletlərinin qiymətinin baha olmasına diqqət çəkib. Z.Orucun fikrincə, Füzuli, Zəngilan və gələcək Laçın hava limanlarının idarəçiliyini AZAL-a vermək olmaz. Azad torpaqlarda hava limanları təkcə mülki deyil, həm də hərbi və təhlükəsizlik əhəmiyyəti daşıdığı üçün AZAL kompaniyasının hazırkı idarəçilik modeli dəyişməlidir.
Parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva da AZAL-la bağlı tənqidlərə qoşulduğunu vurğulayıb. Onun sözlərinə görə, bu sahədə məsələlərə daha ciddi nəzarət təmin olunmalıdır.