"Ölkədə beşdən çox uşağı olan ailələrə müəyyən yardım göstərilir. Məhz beşdən çox uşağı təkbaşına böyüdən ataların sayı çox azdır. Belə qanun layihəsinin qəbul edilməsinə dəyməz. Əvəzinə uşaqpulunu bərpa etsinlər".
Bunu "Sherg.az"a açıqlamasında Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı deyib.
O bildirib ki, heç olmaya üç və daha çox uşaqlı ailələrə xüsusi yardım göstərilməlidir:
"Əksər ölkələrdə olduğu kimi bizdə də uşaqpulu ödənməlidir. Ən azından aztəminatlı ailələrə yardım etsinlər. İndiki maaş sistemi ilə bir və ya iki uşaqdan artıq ailə saxlamaq çətindir.
Bu vəziyyət demoqrafik problemlərə yol açır. Bir millətin, xalqın yaşaması üçün ailədə uşaq sayı üç və daha çox olmalıdır. Əgər bir və ya iki uşaq varsa, 30-40 ildən sonra xalq yoxa çıxacaq. Sözügedən istiqamətdə yeni qanun layihələri təklif edilməlidir".
Qeyd edək ki, beşdən çox uşağı təkbaşına böyüdən atalara sosial müavinət verilməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi təklif olunur. Konstitusiya Məhkəməsi Milli Məclisə müvafiq tövsiyə verib.