Narazılıq! -“30-40 il işləyən insana 300 manat pensiya vermək olarmı?!”


"Elə öz ailəmdən misal çəkim, valideynim pedaqoji fəaliyyətlə məşğul olub. Amma bu gün onun aldığı pensiya məbləği çox aşağıdır".
Bunu "Sherg.az"a iqtisadçı Fuad İbrahimov deyib. O vurğulayıb ki, müəllimlər uzun müddət az maaşla işlədikləri üçün hazırkı vaxtda da 300-400 manat pensiya alırlar:
"Əlbəttə ki, məlum təminat insanın rahat yaşaması üçün çox aşağıdır. Övladlar, qohumlar həmin yaş kateqoriyasına aid insanlara kömək etməsələr, icbari tibbi sığorta, kommunal xərclər, dərmanların alınması, ərzaq məhsullarının bahalaşması normal şəkildə həyat sürməyə imkan vermir. 

Problemin kökü ondadır ki, artıq pensiya yaşına çatmış şəxslər sovet dövrünün nümunəsidirlər. Hazırda yenidən qurulan modelə görə, xalq işləyəcək, sığorta bazası ilə pensiya formalaşacaq və insanlar gələcəkdə yaxşı pul alacaqlar.
 Bəs ömrünün çoxu sovet dövrünə təsadüf edən insanların durumu necə olsun?!
 Beləliklə, qeyri-adekvat bir boşluq yaranıb. Mütləq şəkildə bütün pensiyalar indeksasiya yolu ilə artırılmalıdır. Bu gün DİN və digər nazirliklərin təqaüdə çıxan əməkdaşları yüksək məbləğdə (2000 manatdan çox) pensiya alırlar. 
Yaxşı, bəs həkimlər, müəllimlər, mühəndislər və digər peşə sahiblərinin vəziyyəti necə olsun? Onlar müasir dövrün tələbinə uyğun dotasiyaya götürülməlidirlər. Həmin insanların bazası olmayıb deyə ac qalmalıdırlar?! Əslində bununla bağlı ilk növbədə, Milli Məclisdə məsələ qaldırılmalıdır. 
Adekvat indeksasiya tətbiq edilməlidir ki, sözügedən problemlər aradan qaldırılsın. 30-40 il işləyən insana indiki dövrdə 300-350 AZN pensiya vermək olarmı?! Nə qədər ki, mövcud vəziyyət davam edəcək, narazılıqlar da artacaq".

Qeyd edək ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib. Deputat Məlahət İbrahimqızı çıxışında 65 yaşı olan müəllimlərin və həkimlərin avtomatik işdən çıxarılmasına etiraz edib:“Avropa təcrübəsində həkimləri 70 yaşa qədər işdə saxlayırlar. Bizdə 65 yaşı tamam olanı işdən çıxarırlar. Yaxşı, həkim 65 yaşdan sonra harada işləsin? O, aldığı 320 manat pensiya ilə necə yaşasın? Yaxşı olar ki, pensiyaya çıxan müəllimlər və tibb işçiləri ehtiyac olan bölgələrdə işlə təmin olunsunlar”.