MÜHÜM GÖRÜŞ:"ABŞ Azərbaycanın enerji siyasətini qəbul edir"

“Enerji infrastrukturumuzun inkişafı ABŞ şirkətlərinin iştirakı ilə baş verir”


"ABŞ Azərbaycanın enerji siyasətini bütövlükdə qəbul edir".
Bu barədə "Sherg.az"a politoloq Tofiq Abbasov Prezident İlham Əliyevin ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşavirini qəbul etməsinə münasibət bildirərkən deyib. O bildirib ki, ilk növbədə enerji infrastrukturumuzun postsovet dövründə ərsəyə gəlməsi, inkişafı, investisiya təminatı məhz ABŞ şirkətlərinin iştirakı ilə baş verir:
"O zaman infrastruktur yenidən qurulduqda artıq Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılması məsələsi də gündəmdə idi. Həmin dövrdə Ümumilli liderimiz Heydər Əliyevin baxışı ondan ibarət idi ki, ölkəmizin Qərbə doğru inteqrasiyasında məhz milli Azərbaycanın enerji daşıyıcılarının rolu olmalıdır. ABŞ da bu konseptual yanaşmanın tərəfdarı kimi özünü qələmə verib. Sonralar 1990-cı illərin axırında da İstanbulda görüşlər zamanı enerji siyasəti ilə bağlı tam anlaşma şəraitində proseslərin gedişatı ilə həm razılaşdılar, həm də rəsmi sənədləri imzaladılar. 

Orada digər ölkələrin rəhbərləri də iştirak edib. Artıq Azərbaycanın enerji daşıyıcılarının məhz Avropanın enerji təhlükəsizliyində önəmli rol oynaması barədə kollektiv anlaşma əldə edildi. O zamandan bəri Bakı və Vaşinqton həm ikitərəfli, həm də çoxtərəfli formatlarda bir-birlərini tamamlayır, perspektivli planlara nəzər salır. Azərbaycanın enerji siyasəti Avropanın enerji generasiyasının inkişafı üçün həddindən artıq əhəmiyyətlidir. Çünki ABŞ-ın əsas hədəfi neft, qaz və yaşıl enerji bazarlarında Rusiyanın iştirakını azaltmaqdır. Eyni zamanda onun rolunu sıfıra endirməkdir ki, alternativ imkanlar proseslərə cəlb olunsun. Doğrudur, Rusiya ilə heç bir ədavətimiz yoxdur. Yalnız öz milli siyasətimizi həyata keçiririk. Hər ölkənin bazar baxışları, həm istehsal, həm də istehlak, tranzit korrektorası formalaşır. Bu baxımdan özümüzü heç kimə rəqib hesab etmirik. Ona görə də biz Rusiya, İran və ya başqa bir dövlətlə rəqabətə çıxdığımızı demirik. Sadəcə öz resurslarımızın müqəddəratını həll edirik. Bazarlarda istehlakçılar axtarırıq. Eyni zamanda proseslərdə həqiqətən də, öz boşluqlarımızı doldurmaqla məşğuluq".

T.Abbasovun qənaətincə, Prezident İlham Əliyevlə ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Laura Loxmanın görüşündə məhz strategiya və perspektivlə bağlı ən vacib məsləhətləşmələr, danışıqlar gedir:

'Çünki Azərbaycan öz siyasətində eksperimentlər keçirmək niyyətində uzaqdır. Əksinə, dəqiq hesablamalar əsasında paradiqmalar qururuq. Digər tərəfdən "Cənub Qaz Dəhlizi" kimi nəhəng bir layihəni həyata keçirdik. Onun uzunluğu 3 min kilometrdən artıqdır. Böyük kapital tutumludur. Nəhayət enerji strategiyasında önəmli rol oynamağa başladıq. Bəlkə də, bu, kimlərinsə xoşuna gəlmir. Amma Azərbaycanın aktual gündəliyi var. Qlobal inteqrasiya prosesində öz layiqli rolumuzu oynayırıq, töhfələrimizi veririk. Daha böyük mənfəət verməyə də qadirik. Ona görə də bu fəaliyyətimizdə kimsə "əlimizdən yapışıb, geriyə çəkə bilməz". Belə bir cəhd olarsa, adekvat cavab verməyə hazırıq".

Qeyd edək ki, Prezident İlham Əliyev ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Laura Loxmanı qəbul edib.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.