"Nazirlər Kabineti tərəfindən buraxılış yaşı 10 ildən çox olan maşınların ölkəyə girişinə qadağa qoyulduqdan sonra artıq bilinirdi ki, köhnə avtomobillərin qiyməti bahalaşacaq".
Bunu "Sherg.az"a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli ili köhnə avtomobillərin qiymətinin artmasından danışarkən deyib. O bildirib ki, bazarda köhnə avtomobillərə ciddi tələbat var:
"Bu tələbata uyğun olaraq könhə avtomobillərin qiymətində artım olmalı idi. Sırf hibrid maşınlara gəldikdə isə, onlara tələbat əvvəlkinə nisbətən qat-qat yüksəkdir. Çünki iş yerləri ilə problemlər var və maşın sürməyi bacaran insanlar taksi xidmətlərinə yönəlir. Hətta yeni taksi şirkətləri də yaradılır. Bu yaxınlarda Ukrayna taksi şirkətlərindən biri də Azərbaycan bazarına daxil oldu. Bu da hibrid avtomobillərə təlabatı artırır. Çünki bu avtomobillərin benzin sərfiyyatı çox aşağıdır. Əslində ötən illərin dinamikasına baxdıqda da yay aylarında avtomobil qiymətlərində müəyyən artımların olduğunu müşahidə edirik. Yəni insanların yay aylarında avtomobil həvəsi və təlabatı artır. Ona görə də yaxın günlərdə qiymətlərdə enmələrin olacağını düşünmürəm. Bazarda durğunluq təqribən noyabr, dekabr və yanvar aylarında olur. Ola bilsin ki, ilin sonu və ya gələn ilin əvvələrində qiymət artımında müəyyən səngimələr, hətta ucuzlaşmalar gördük. Amma yaxın aylarda qiymətin ucuzlaşacağı ilə bağlı hansısa tendensiyanın olacağını düşünmürəm".
Qeyd edək ki, Ölkədə ən çox tələbatın olduğu “Toyota Prius” markalı avtomobillərin qiyməti artıb. Belə ki, bir müddət əvvəl bu avtomobillər alıcılara 7-12 min manat arası təklif olunurdusa, hazırda bu qiymət 15-16 min manatdır.