"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Bolqarıstan səfəri ölkəmizin həm beynəlxalq münasibətlər, həm də əməkdaşlıq sistemində davamlı uğurunun növbəti göstəricisidir".
Bunu "Sherg.az" a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu ölkə başçısının səfərini dəyərləndirərkən deyib.
O qeyd edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əlahiddə rola malikdir:
"Ölkəmizin Avropa enerji bazarındakı indiki rolu əvəzedilməzdir. Azərbaycan və Avropa arasında son dövrlərdəki əməkdaşlığın intensivliyi bunu bir daha nümayiş etdirir. Nəzərə almaq lazımdır ki, Azərbaycan təkcə ənənəvi deyil, bərpa olunan enerji mənbələrinin yaradılmasında ciddi aktivlik nümayiş etdirən ölkələrdən biridir. Bu da ölkəmizin enerji sahəsindəki əməkdaşlıq imkanlarını şaxələndirir. Bu baxımdan Prezident İlham Əliyevin Bolqarıstana rəsmi səfəri enerji əməkdaşlığının genişləndirilməsi üçün əhəmiyyətli oldu. Bildiyimiz kimi enerji sahəsində əməkdaşlıq üçün razılaşma memorandumu imzalandı. Bu memorandumun imzalanması isə Azərbaycanın gələcəkdə Avropa enerji bazarındakı çəkisini daha da artıracaq".
Parlamentari əlavə edib ki, gələcəkdə SOCAR ilə Bolqarıstan, Macarıstan, Rumuniya və Slovakiyanın qaz nəqli sistemləri operatorları arasında əməkdaşlığın inkişafı nəzərdə tutulur:
"Bu istiqamətdə təmasların davam etdirilməsi planlaşdırılır. Ümumiyyətlə Bolqarıstan Prezidenti Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verildiyini vurğulayıb və ölkəmizi önəmli strateji tərəfdaş adlandırıb. O qeyd edib ki, "Azərbaycan olduqca etibarlı əməkdaşlıq tərəfdaşıdır və əldə edilmiş razılaşmaların öhdəliklərinə dəqiqliklə əməl edir". Bu baxımdan hesab edirəm ki, ölkə başçısının Bolqarıstan səfəri bir daha Azərbaycanın çox böyük əməkdaşlıq perspektivlərinə malik olduğunu nümayiş etdirdi".
Xatırladaq ki, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana rəsmi səfər edib.
Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub. Görüşdə ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığı qeyd olunub.