"Balıq məhsulları insan orqanizminə kifayət qədər faydalıdır. Hazırda balıq yağı tərkibli dərmanlar satışda mövcuddur".
Bunu "Sherg.az"a Təcili Tibbi Yardım Stansiyasının həkimi, terapevt Şahvələd Məmmədov qara kürü istehsalının artmasından danışarkən deyib. Onun sözlərinə görə, həmçinin həkimlər xəstələrə də balıq yağı tərkibli dərmanları almağı tövsiyə edir:
"Daha çox həmin pasiyentlərdə maddələr mübadiləsinin pozulması halları müəyyən edilir. Belə olduğu halda balıq və balıq məhsulları orqanizmin fəaliyyətinə müsbət təsir göstərir. Eyni zamanda nəzərə almaq lazımdır ki, qara kürünün daha çox səhər saatlarında yeyilməsi məsləhətdir".
İqtisadçı Natiq Cəfərli bildirib ki, kürü istehsalının artması yaxşı haldır:
"Amma rəqəmlər hələ ki çox aşağıdır. Bu kiçik rəqəmlər Azərbaycan iqtisadiyyatına çox təsir göstərə bilməz. 154 kq kürünün maya dəyəri, istehsal xərclərini çıxdıqdan sonra yerdə qalan qazanc iqtisadiyyatımıza nisbətən çox cüzi rəqəmlərlə ölçülür".
Qeyd edək ki, 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 294 kq nərə balığının kürüsü istehsal edilib. Dövlət Statistika Komitəsinin hesablamalarına görə, bu göstəricinin həcmi 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2 dəfə və ya 154 kq çoxdur.