""Mərkəzi Bank haqqında” qanunda dəyişiklik edilməsi barədə qərarla quruma iqtisadi müstəqillik verilməsi dedikdə bir sıra funksiyalar, səlahiyyətlərin artırılması nəzərdə tutulur".
Bunu "Sherg.az"a Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov Azərbaycan Mərkəzi Bankına iqtisadi müstəqillik verilməsindən danışarkən deyib. Onun sözlərinə görə, dəyişiklik dünya təcrübəsinə əsasən, həyata keçirilib:
"AMB-yə iqtisadi müstəqilliyin verilməsi qurumun səlahiyyətinin, məsuliyyətinin artırılması ilə bağlı atılan addımdır. Bildiyimiz kimi, AMB çox ciddi səlahiyyətlərə malik qurumdur. Ona müstəqilliyin verilməsi, fəaliyyət imkanlarının genişləndirilməsi təbii ki, dövlətin prioritet mövzularından biridir. Həmçinin bütün bunlar ölkəmizin AMB-nin hazırkı rəhbərliyinə böyük etimadın göstərdiyinin sübutudur. Gözləntilərin səmərəli şəkildə həyata keçirilməsi üçün nəzəri baxımdan da müəyyən dəyişikliklərə ehtiyac var idi. Hər birimiz dəyişikliklərdən sonra adıçəkilən qurumun fəaliyyətinin şahidi olacağıq".
Qeyd edək ki, Prezident İlham Əliyevin təsdiqlədiyi “Mərkəzi Bank haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunla quruma iqtisadi müstəqillik verilib. Sənədə əsasən, AMB iqtisadi müstəqilliyə malikdir və aktivlərinin satışından və yaxud onlara digər tərzdə sərəncam verilməsindən daxil olan vəsaitlər onun gəlirlərinə aid edilir.