"İllərdir, yığılan problemlər lirənin ucuzlaşmasına səbəb olub".
Bunu "Sherg.az"a iqtisadçı Xalid Kərimli Türkiyədə lirənin kəskin şəkildə ucuzlaşmasından danışarkən deyib. Onun sözlərinə görə, təbii ki, Türkiyənin apardığı maliyyə siyasəti, dünyada baş verən proseslər və ölkənin iqtisadi vəziyyətinin də təsiri var:
"Hökumət əsasən, 2019-cu ildən faiz dərəcəsini aşağı salmaqla inflyasiyanın enəcəyini düşünürdü. Amma bu, ənənəvi yanaşmaya zidd idi. Eyni zamanda sözügedən eksperimentin həyata keçirilməsi pis vaxta düşdü. Çünki dünyada tədarük zənciri dağıldı, pandemiyanın yaratdığı problemlər ortaya çıxdı, enerji qiymətləri kəskin bahalaşdı. Türkiyə həm ərzaq, həm əmtəə, həm də enerji qiymətləri bahalaşmağa başlayanda siyasi təzyiqlər altında bu eksperimenti aparmağa başladı. Nəticədə lirə dəyərini bir neçə dəfə itirdi. İnflyasiya 70-80 faizə qalxdı. Türkiyə öz şirkətlərinin yaranan borclarını ödəmək üçün lirəni ucuzlaşdırmaq məcburiyyətində idi. Bununla iqtisadi artıma çalışırdılar. Əslində bir çox hədəflərinə nail oldular".
Ekspert diqqətə çatdırıb ki, inflyasiyanın stabilləşdirilməsi üçün xeyli zaman lazım olacaq:
"Bu 1-2 ayın söhbəti deyil. Türkiyə ixrac yönümlü ölkə olduğuna görə əslində ora baha lirə sərf etmir. Qardaş ölkə sadəcə inflyasiyanı nəzarətdə saxlamaq istəyir. Lirənin də sürətlə yox, yavaş-yavaş ucuzlaşmasının tərəfdarıdır. Bu da Türkiyənin ixracat iqtisadiyyatına malik olması ilə əlaqəlidir".
Qeyd edək ki, Türkiyədə lirə kəskin şəkildə ucuzlaşmaqda davam edir. Avqustun 9-da birjalarda Dollar/Türkiyə Lirəsi məzənnəsi rekordunu yeniləyib, 27,42 səviyyəsinə qədər yüksəlib. Avro/Türkiyə Lirəsi məzənnəsi isə 30,06 səviyyəsini test edib. Başqa sözlə, TL təkcə bu gün dollar qarşısında 0,2% dəyər itirib. Son bir ayda isə lirə 3,7% ucuzlaşıb.