Banklarda depozit faizi azalır?  - RƏY

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,5 faiz bəndi azaldılaraq 9%-dən 8,5%-ə endirilməsi barədə qərar qəbul edib.
“Sherg.az” bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi azaldılaraq 7,5%-dən 7%-ə, yuxarı həddi isə 0,5 faiz bəndi azaldılaraq 10%-dən 9,5%-ə endirilib.
"Bu qərar inflyasiyaya təsir edən xarici və daxili amillərin dəyişimi, eləcə də valyuta bazarında təklifin tələbi əhəmiyyətli üstələməsi nəzərə alınmaqla verilib", - deyə AMB bəyan edib.
AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı dekabrın 20-də ictimaiyyətə açıqlanacaq.
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Eyyub Kərimli “Sherg.az”a bildirib ki, uçot dərəcəsinin 5 faiz endirilməsi həm banklarda depozit faizlərinin azalmasına mənfi təsir göstərə, həm də əks prossesin başlaması kimi başa düşülə bilər:
  "Digər tərəfdən Mərkəzi Bank "uçot stovkası"nın (red.milli bankın kommersiya banklarına təqdim etdiyi kreditin faizi) azalmasına şərait yaradır.  Mərkəzi Bank birrəqəmli və aşağı inflyasiyanın əldə edilməsinə hədəflənib. Buna görə də, uçot dərəcəsi 0.5 faiz azaldılıb. Deməli, ölkədə inflyasiya sabitləşir. Humanitar siyasət və uçot dərəcəsində müəyyən stabilləşmə reallaşır. Bu istiqamətdə atılan müəyyən addımın kredit  faizlərinin azaldılmasına, manatla olan yığımlara da öz təsirini göstərmə ehtimalı var".