Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4,2 milyard manatdan çox olub.
"Report" bu barədə İqtisadiyyat Nazirkliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 % çoxdur.
O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,3 % artaraq 2,7 milyard manat təşkil edib.
Hesabat dövründə İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 15,8 % artaraq 148,7 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,5 % artaraq 110,1 milyon manat təşkil edib.
İl ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 15,6 % artaraq 765,3 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 16,8 % artaraq 539,2 milyon manat təşkil edib.
Mövzu ilə bağlı “Sherg.az”a danışan iqtisadçı-ekspert Fuad İbrahimli bildirib ki, artıq rəsmi olaraq uçota dayanmaların sayı artıb:
“Bu yaxşı halldır. İnsanlar bilir ki, işsizliyə görə müraciət və müavimət əldə etmək olar. Səhiyyə sığortası ilə bağlı isə vətəndaşlarımız işə götürülərkən rəsmi olaraq müqavilə imzalayıb və onun nəticəsi etibarı ilə lazım olan sosial yönümlü icbari tibbi sığorta həyata keçirilir. Hər iki sahə də daxilolmaların artması müsbət vəziyyətdir. Bu statistikaya mənfi motivdən yanaşmayaq. Bu o demək deyil ki,işsizlərin sayı artıb,hər zamankı kimi bu say eyni səviyyədədir.Sadəcə olaraq işsizlərin rəsmi olaraq müraciət etməsi sağlam statistikanın əldə olunmasına şərait yaradır. Hökümət özündə məsuliyyət hiss edərək işsizləri işlə təmin etmək istiqamətində fəallaşıb".