Bu il tovuzlu fermerlərin gözlərini soğanın acısı yox, əziyyətlərinin boşa çıxması yaşardır.
Belə ki, məhsul anbarlarda qalıb cücərir.
Fermerlərin sözlərinə görə, məhsulun üzünə baxan yoxdur.
Lakin anbarda çürüyən soğan paytaxtda bir manat 20 qəpiyə satılır.
Sual ortaya çıxır ki, anbarda məhsul bol olduğu hallda soğan niyə paytaxtda bir manat 20 qəpiyə satılır?
Mövzu ilə bağlı "Sherg.az"a danışan Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirib ki, ən böyük problem bazarda olan monopoliyadır:
"Yəni elə sahibkarlar var ki, istehsal etdikləri məhsulu topdansatış qiymətinə monopolistlərə satırlar. Onlarda supermarketlərə paylayırlar. Ölkədə bir topdan satış mərkəzi mövcuddur. Belə olan halda sahibkarlar məhsullarını sata bilmirlər. Bakının bir neçə rayonunda kənd təsərrüfatı məhsullarının topdansatışını təşkil etmək olar. Anbarda normal şəraitin olmaması, məhsulun cücərməsinə səbəb olub. Qış aylarında soğanın qiyməti 2 dəfədən çox artacaq. Bu da soğanın tez xarab olması və itkiyə getməsi ilə bağlıdır. Anbar şəraitində məhsulu uzun müddət saxlamaq mümkün olmur. Çünki normal şərait qurulmur. Hökümətə dəfələrlə təklif verilib ki, kəndlilərə ucuz, faizsiz kredit resursu verilsin. Kəndlilər soyuducu anbarlar inşa edə və soğanı saxlaya bilərlər. Soğanın tez cücərməsi onların sağlam olmamasından xəbər verir. Hər bir hallda cücərmiş soğanı ucuz qiymətə təklif olunsa da tədarükçü almayacaq. Bu problemlərin hər biri Kənd Təsərrüfatı Nazirliyinin üzərinə düşən vəzifədirki, onlar soğan istehsalçıları üçün bazara girişi təşkil etsinlər".