2024-cü ildə Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinin gəlirlərinin 2023-cü illə müqayisədə 13,7 % çox - 173,1 milyon manat olacağı proqnozlaşdırılır.
Bu barədə "Report"un yerli bürosuna yerli Nazirlər Kabinetindən bildirilib.
Məlumata görə, muxtar respublikanın Baş naziri Səbuhi Məmmədov Milli Məclisdə 2024-cü ilin dövlət büdcəsi layihəsinin və büdcə zərfinə daxil olan sənədlərin müzakirəsi ilə əlaqədar keçirilən növbəti plenar iclasda iştirak edib. Hökumət başçısı bildirib ki, büdcə gəlirlərinin tərkibində əsas yeri 30,4 % payla əlavə dəyər vergisi, 24,6 % payla fiziki şəxslərin gəlir vergisi, 29,1 % payla aksiz vergisi və 15,9 % payla digər vergilər tutacaq.
Xatırladaq ki, gələn il Naxçıvanın büdcəsinin bu ilə nisbətən 14,65 % az - 516,4 milyon manat olacağı gözlənilir. Bu məbləğin 66,5 %-i və yaxud 343,3 milyon manatı dövlət büdcəsindən ayrılacaq dotasiya hesabına təmin olunacaq. Bu isə 24,2 % azalma deməkdir.
S.Məmmədov diqqətə çatdırıb ki, hökumət büdcə gəlirlərinin maksimum artırılması hesabına mərkəzi büdcədən muxtar respublikaya ayrılan dotasiyanın azaldılması üçün bundan sonra da tədbirlər həyata keçirəcək.