Rüşvətsiz bir yolu var
Evlərin sənədləşdirilməsinin ümumilikdə iqtisadiyyata müsbət təsiri olacaq
“Vətəndaşların qeydiyyat problemi həll olunacaq, əmlak vergisi ödəyəcəklər, sığorta haqqı ödəyəcəklər. Bu evlərin sənədləşdirilməsi daşınmaz əmlak bazarında da, sığorta bazarında da müsbət irəliləyişlər yaradacaq”
Sənədsiz evlər məsələsi növbəti dəfə parlamentdə qaldırılıb. Millət vəkilləri sənədsiz evlərin qeydiyyata alınmasıyla bağlı Prezident İlham Əliyevin fərman və sərəncamlarının, həmçinin dövlət qurumlarına verdiyi konkret tapşırıqların məmurlar tərəfindən icrasının yubandığını bildiriblər. Millət vəkili Siyavuş Novruzov “Ölkədə 1 milyon sənədsiz ev var. Bu problem həll edilməli, həmin evlər qeydiyyata alınmalıdır. Bu həm də, büdcəyə əlavə pul deməkdir. Bələdiyyələr də bu zaman vergi yığa biləcək”. Millət vəkili Kamran Bayramov da xatırladıb ki, hazırda ölkə üzrə yüz minlərlə sənədsiz ev mövcuddur: "Hələ 2011-ci ilin mart ayında prezident rəsmi icazə olmadan tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı hökumətə xüsusi tapşırıq verib və onun icrası istiqamətində müəyyən işlər də görülüb. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna 2015-ci ildə edilmiş dəyişikliklə sənədsiz evlərin qeydiyyatı asanlaşdırılıb, Prezidentin 2015-ci və 2019-cu illərdə imzaladığı müvafiq Fərmanlara əsasən, 200 minə yaxın fərdi yaşayış evi və mənzil sənədləşdirilib. Ötən ilin aprel ayında isə cənab Prezidentin imzaladığı Fərmanlara əsasən, əvvəllər hüquqmüəyyənedici sənəd hesab olunmayan bir sıra sənədlər hüquqların qeydiyyatı üçün əsaslar sırasına daxil edilib. Təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa edilmiş yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzillərinin sənədləşdirilməsi nəzərdə tutulub. Bu fərmanların icrası, şübhəsiz ki, ölkədə sənədsiz evlərin sayının azaldılmasına xidmət edəcək. Eyni zamanda 2019-cu ildən etibarən İqtisadiyyat Nazirliyi tərəfindən sənədsiz tikililərin inventarlaşdırılması həyata keçirilib və pandemiyanın başlandığı dövrədək ölkədə 240 minə yaxın sənədsiz ev və mənzil inventarlaşdırılıb. Lakin təəssüf ki, pandemiya ucbatından və digər səbəblərdən inventarlaşma prosesi ləngiyib".
Millət vəkillərinin də qeyd etdiyi kimi, sənədsiz evlərin qeydiyyata alınmasıyla bağlı bir sıra sərəncamların olmasına, qanunvericiliyə müxtəlif dəyişikliklər edilməsinə baxmayaraq, proses uzandıqca uzanır, sənədsiz – qanunsuz tikilmiş evlər problemi həllini tapmır. Problem həllini tapmadıqca sənədsiz evlərin sayı azalmır, heç olduğu kimi də qalmır, əksinə, artır. Boş torpaq sahələrində hər keçən gün yeni bir tikilinin təməli qoyulur, insanlar fərdi evlər tikir, köçüb yaşayırlar. Maraqlı budur ki, hər yeni tikiliyə kommunikasiya xətləri də qoşulur, sakinlər elektrik enerjisinə, qaza, suya görə aylıq ödənişlər edirlər. Təkcə sənəd yoxdur. Evlərin sənədləşdirilməsi yəni bu qədər çətin işdir ki, illərdir həllini tapmır?
Konstitusiya Araşdırmaları Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev “Sherg.az”a açıqlamasında sənədsiz evlərin qeydiyyata alınmasının yolunu göstərdi:
"Sənədsiz evlərin qeydiyyata alınması uzun müddətdir gündəmdədir. Və bu, ölkədə ən ciddi problemlərdən biridir. Qanunsuz tikintilər müvafiq dövlət qurumlarının gözü qarşısında baş verib. Bəzi hallarda onların hərəkətsizliyi, bəzi hallarda isə böyük sövdələşmələr və rüşvət müqabilində qanunsuz tikililərə göz yumublar. 2011-ci ildə cənab Prezident tapşırıq verdi ki, İşçi qrup yaradılsın, bu problem həll edilsin. İşçi qrupun fəaliyyəti nəticəsində koordinatlar müəyyən edildi və 430 min fərdi tikili, 40 mindən artıq da qeyri-yaşayış sahəsi haqqında məlumat toplandı. Bu məlumatlar rəsmiləşdirildi. Sənədsiz evlərin sayı gah 500 min göstərilir, gah 1 milyon, 430 mini haqqında rəsmi məlumat var. Boş ərazilərdə tikilənlər var, kommunikasiya xətlərinin keçdiyi ərazilərdə də tikilənlər var. Amma bu evlərin 99 faizi işıq, təbii qaz və su ilə təmin edilib. Yəni bu evlərlə bağlı legitimləşdirmə baş verib. Amma sənədləşmə illərdir ki, yubanır. Çoxmənzilli binalarla bağlı da daşınmaz əmlaka dair çıxarışların verilməsində problem vardı, cənab Prezidentin sərəncamıyla çıxarışların verilməsinə başlandı və vətəndaşların yaşayış sahəsi üzərində mülkiyyət hüququ təsdiqləndi. Sənədsiz evlərin qeydiyyata alınması prosesinin sürətlənməsi üçün ilk növbədə qanunvericiliyə dəyişiklik edilməli və bu evlərin qanuni şəkildə tanınması baş verməlidir. Yaxud da sənədsiz evlərlə bağlı ümumi amnistiya elan edilməlidir. Sadəcə, hansı tikililər ki dövlət ehtiyaclı torpaqlar və kommunikasiya xətlərinin üzərində tikilib, vətəndaşların həyatı üçün təhlükə daşıyır, dövlət ehtiyaclarının da qarşılanmasını ləngidir, vətəndaşlar o evlərdən köçürülməlidir. Amma kompensasiyanın ödənilməsi şərtilə. Həmin adamlara, “evi sökürük, çıx get”, demək və prosesi bu cür aparmaq qətiyyən olmaz. Vətəndaş dövlət tərəfindən mülkiyyətlə təmin edilməlidir. Çünki vətəndaşın qanunsuz ev tikməsinin məsuliyyəti dövlət qurumlarının üzərindədir".
Ə.Nuriyev qeyd etdi ki, evlərin sənədləşdirilməsinin ümumilikdə iqtisadiyyata müsbət təsiri olacaq:
" Vətəndaşların qeydiyyat problemi həll olunacaq, əmlak vergisi ödəyəcəklər, sığorta haqqı ödəyəcəklər. Bu evlərin sənədləşdirilməsi daşınmaz əmlak bazarında da, sığorta bazarında da müsbət irəliləyişlər yaradacaq. Banklar da bundan faydalanacaq. Alqı-satqı məsələləri dövlət rüsumları çərçivəsində qanuni yolla baş verəcək. Mübahisələr aradan qalxacaq. Ümumən bu proses iqtisadi dəyər yaradacaq".