Şəffaflığın və ictimai nəzarətin gücləndirilməsi ilə yanaşı, alternativ satış üsulunun üzərində işləmək də doğru olardı
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) güzəştli mənzil satışı ilə bağlı növbəti elan verib. MİDA Bakının Hövsan qəsəbəsində, eləcə də, Sumqayıt və Gəncə şəhərlərində mənzillərin növbəti dəfə güzəştli satışına başlayır.
Güzəştli mənzillər 16 dekabr tarixdə saat 11-də 432 mənzil onlayn satışa çıxarılacaq.
Güzəştli mənzillərin satışa çıxarılması əmlak bazarına necə təsir edir?
Məsələ ilə bağlı Trend-ə açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, son üç ildə əmlak bazarında ciddi bahalaşma var.
"Mənzillərin qiyməti hər ay artan xətt üzrə gedir. Bu da aztəminatlı ailələr üçün mənzil almaq istəyini əlçatmaz edir. Ancaq dövlətin müxtəlif layihələri nəticəsində vətəndaşlar mənzil əldə edə bilirlər. Mənzil İnşaatı Dövlət Agentliyinin təqdim elədiyi mənzillərin qiymətlərinə baxsaq, təqdim edilən ərazilər üzrə daha ucuzdur və ilkin ödənişi azdır.
Bu mənzillərin ucuz satışa çıxarılmasının səbəbi bina tikilən torpağın dövlət tərəfindən ayrılmasıdır. Tikintinin maya dəyərini isə artıran torpaq sahəsidir. Paytaxtda da torpaq bahadır. Hazırda satışa çıxarılan mənzillər paytaxta yaxın olmasa da, bazar dəyərindən çox aşağı satılır. Belə mənzillərin satışa çıxarılması əmlak bazarına müsbət təsir edir.
Burada da müəyyən problemlər olur. Belə ki, mənzil almaq istəyən vətəndaşların sayı minlərlə olduğu təqdirdə, satışa çıxarılan mənzillər yüzlərlədir. Güzəştli satışdan yararlana bilməyənlərdə narazılıq yaranır. Lakin satış mexanizmində müəyyən dəyişikliklər olsa, narazılıqlar aradan qalxar".
Ekspert qeyd edib ki, hazırda Hövsan və Sarayda yeni binalarda təmirsiz mənzilin 1 m²-i 1200 manat, təmirlilərin isə 1400 manatdır.
"Güzəştli satılan mənzillərlə qiymət fərqinə baxsaq, təqribi 500 manata yaxın fərq var. Ümumi götürsək, güzəştli mənzillərin satışa çıxarılması əmlak bazarına təsir etməyəcək", - deyə o qeyd edib.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə “Sherg.az”a açıqlamasında deyib ki, MİDA bu dəfə "Güzəştli mənzil" sisteminin təkmilləşdirilməsi və yeniliklər barədə hansısa bir açıqlama verməyib:
“Xatırlayıram ki, ötən satışda ciddi sistem və kiber problemlər olmasa da, iştirakçılar tərəfindən mənzil seçimi prosesində donmaların olması, CAPTCHA problemlərinin olması haqqında xeyli sayda məlumatlar verilmişdi.
MİDA ötən satışda baş verən narazılıqlar barədə cəmiyyətə ağlabatan bir açıqlama verməsə də, fərdi qaydada bütün müraciətlərin cavablandırıldığı bildirilirdi. Ümid edirəm növbəti onlayn satış gününədək MİDA şəffaflığın gücləndirilməsi və ədalətli seçimlə bağlı, sistemin yenilənməsi ilə bağlı, süni seçimlərin qarşısının alınması ilə bağlı görülən tədbirlər haqqında ictimai əhəmiyyət kəsb edən məlumatları da açıqlayacaq.Dəfələrlə təkliflər verilib ki, mövcud satış prosesində İT bacarıqlarla bağlı öncədən bəlli olan ədalətsizlik olduğundan alternativ güzəştli mənzil satışı üsulu da tətbiq edilsin.Lakin belə görünür ki, hökumət hələlik insan amilinin rolu az olan, insan amilinə söykənən korrupsiya risklərini nəzərə alaraq onlayn satışa üstünlük verir.
Düşünürəm ki, mövcud sistemin təkmilləşdirilməsi, şəffaflığın və ictimai nəzarətin gücləndirilməsi ilə yanaşı, alternativ satış üsulunun üzərində işləmək də doğru olardı. Yeri gəlmişkən, xatırladıram ki, xeyli müddətdir MİDA "Ernst&Young" beynəlxalq auditor şirkətinin xidmətlərindən də istifadə etmir. Güman etmək olar ki, kritik infrastrukturun təhlükəsizliyi ilə bağlı yeni ictimai münasibətlər formalaşdığından bu məsələlərə XRİTDX və DTX nəzarət edir”.