Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Amerika Birləşmiş Ştatlarının Missuri, Arkanzas ştatlarında və Macarıstanın Sabolç-Satmar-Bereq, Haydu-Bihar inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün ABŞ-nin Missuri, Arkanzas ştatlarında və Macarıstanın Sabolç-Satmar-Bereq, Haydu-Bihar inzibati ərazi vahidlərində, zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatın 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-in “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Belə bir sual ortaya çıxır. Bu qərar Azərbaycanda toyuq və yumurtanın qiymətinə təsir göstərəcəkmi?
"Quşçuluq sahəsi, quş məhsulu ölkəmizdə kifayət qədər inkişaf edib. Düşünürəm ki, Azərbaycan Qida Təhlükəsizlik Agentliyinin bu qərarı qiymətə təsir etməyəcək. Lakin, onu da qeyd edək ki, biznes qurumları üçün rahat bir şərait yaradılıb. Ona görə də ola bilər ki,bu vəziyyətdən yerli biznes strukturları istifadə etsinlər. Bir sözlə süni qiymət artımı müşahidə oluna bilər. Ümumiyyətlə, ölkədə lazım olacaq səviyyədə yerli məhsullar var. Ancaq artımın olub-olması dövlətin nəzarətindən asılıdır. Bu qadağa isə müvəqqətidir".