Kredit riski: Faizlər ENDİRİLMƏLİDİR!

Bu gün Azərbaycan banklarının xarici banklarla əməkdaşlığı demək olar ki, sıfır səviyyəsindədir.
"Report" xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
"Əvvəllər Almaniya və digər ölkələrin banklarından mürəyyən vəsaitlər alınırdı, kredit kimi vətəndaşlara verilirdi. Həm banklarımız qazanırdı, həm da kredit faizləri aşağı düşürdü. Amma bu gün bu imkanlar aradan qalxıb. Xüsusilə vətəndaşlarımızın kiçik və orta sahibkarlıqla məşğul olması üçün verilən kreditlərin faizləri çox yüksəkdir - illik 14 faizdən-dən başlayır. Hesab edirəm ki, faizlər aşağı salınmalıdır", - deyə o qeyd edib.
Bundan başqa, deputat deyib ki, ölkədə valyuta-dəyişmə məntəqələrinin sayı artırılmalı və hamısı şənbə-bazar günlərində işləməlidir: "Valyuta-dəyişmə məntəqələri demək olar ki, ancaq bankların içində yerləşir. Vətəndaşlar şənbə-bazar günlərində pul dəyişmək üçün yer axtarmağa məcbur olur. Rayon yerlərində "qara bazar" aktiv fəaliyyət göstərir, pullar müəyyən yerlərdə əldə dəyişdirilir və bundan dövlətə xeyir gəlmir".
Məsələyə münasibət bildirən bank məsələləri üzrə ekspert, iqtisadçı Əkrəm Həsənov "Sherg.az"a bildirib ki, əslində xarici ölkələrlə tərafdaşlıq könüllüdür : 
                                                   
 "Banklarmızın xarici banklarla əməkdaşlığı sıfır dərəcəsindədir" demək doğru deyil. Çünki bir çox banklar əmakdaşlıq fəaliyyətindədir. Kiçik banklara nisbətdə böyük banklarda işgüzar münasibətlər daha çox inkişaf edib. Azərbaycan bankları xüsusən də 2015 -ci ilin devalivasiyasından sonra daha riskli hesab olunur. Buna görə də xarici banklar Azərbaycan banklarına çox da kredit vermək niyyətində olmur. Hesab edirəm ki, bu böyük problem deyil. Çünki bank sistemimiz mövcuddur. Əsasən xarici banklar bizə pul köçürmələri üçün lazımdır. Bu sistem də kifayət qədər səmərəli şəkildə işləyir. Xarici ölkələrə pul köçürüb, oradan pul götürməyimiz məhz, xarici banklarla əməkdaşlığımızın nəticəsidir. Faizlərin yüksək olması məsələsinə gəldikdə isə bu böyük problemdir. Faizlərin yüksək olması kredit riskinin artmasını dəlalət edir. Kredit riski dedikdə yəni,kreditin qaytarılmama ehtimalı, ödənməsində problemlərin yaranması,uzanması deməkdir. Bu da məhkəmə qərarlarının icrası sisteminin qüsurlu olmasından irəli gəlir. Bu vəziyyətin aradan qaldırılması üçün Milli Məclisin əlində kifayət qədər səlahiyyət var".