Mərkəzi Bankın sədrinin birinci müavini bankların SMS məlumatlandırma qiymətlərinin artmasına münasibət bildirib.
APA xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Mərkəzi Bankın sədrinin birinci müavini Rəşad Orucov deyib ki, banklar sms məlumatlandırma qiymətlərini prosessinq mərkəzlərində alırlar.
Mərkəzi Bankın sədrinin birinci müavini qeyd edib ki, prosessinq mərkəzləri bu xidmətləri mobil operatorlardan alır: “Son 3 ildə SMS qiymətləndirmə tariflərində 70% artım olub. Banklar bu müddət ərzində SMS məlumatlandırma xidmət haqlarını artırmayıblar, yalnız indi bu artıma gediblər. Digər tərəfdən, sosial kartlarda SMS məlumatlandırma üzrə xidmət haqqı alınmır. Sosial kartlar dedikdə 2.3 milyondan çox sosial və pensiya kartları nəzərdə tutulur”.
Rəşad Orucov SMS məlumatlandırma xidmətlərindən imtina edən banklar olduğunu nəzərə çatdırıb: “Bu banklarda mobil tətbiqlərdən istifadə olunur və məlumatlar online şəkildə ötürülür. Bu xidmət haqları bank və müştəri arasında sərbəst formalaşır”.