Son günlər respublikanın müxtəlif bölgələrində, xüsusilə də qərb bölgəsində intensiv qarın yağması, havaların şaxtalı keçməsi insanlara sevinc bəxş etməklə yanaşı, həm də kənd təsərrüfatı üçün iqtisadi baxımdan əlverişlidir. Qarın yağması demək olar ki, kənd təsərrüfatının bütün sahələrinə öz müsbət təsirini göstərir.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Dövlət Aqrar Universitetinin əməkdaşı, dosent Hüseyn İdrisov deyib.
Mütəxəssis qarın kimyəvi tərkibinin su olduğunu diqqətə çatdıraraq onun meyvə bağları və əkin sahələri üçün faydasından danışıb: "Son illər dünyada gedən qlobal istiləşmə, yağıntıların azalması təbiətdə sürətli dəyişilmələrə səbəb olmuş, insanları qida çatışmazlığı təhlükəsi ilə üz-üzə qoymuşdur. Bu gün bir çox bölgələrdə qarın yağması torpaqda tələb olunan rütubətlik səviyyəsini artırmaqla, payızda səpilmiş taxıl bitkilərini, çoxillik meyvə-giləmeyvə bitkilərinə çox müsbət təsir göstərəcək. Payız-qış mövsümündə yağıntıların az olması, əksər bölgələrdə süni suvarma imkanın olmaması bitkilərin böyüməsinə, inkişafına öz mənfi təsirini göstərmişdir. Belə halların olması sonda məhsuldarlığın aşağı düşməsinə, əhalinin qidaya olan tələbatının tam ödənilməməsinə səbəb olur".
Həmçinin, yanvar ayında intensiv qarın yağması bitkiçilik sahəsi üçün böyük əhəmiyyətə malikdir. Digər tərəfdən də xəstəlik və zərərvericilərin yumurtalarını, süfrələrini məhv edəcək.
"Şaxtalı soyuq havanın olması taxıl sahələrində kütləvi yayılmış gəmiriciləri-siçanları məhv edir. Ağac bitkilərinin vaxtından əvvəl çiçəkləməsinin qarşısını alır. Qeyd olunan məsələlər sonda bütün kənd təsərrüfatı bitkilərinə müsbət təsir göstərməklə, yüksək məhsul istehsalına zəmin yaradacaq", - deyə H.İdrisov bildirib.