İnflyasiya dərəcəsi düşdü: Hansı təsirləri olacaq?

2023-cü ildə Azərbaycanda istehlak qiymətləri indeksi 2022-ci ilə nisbətən 108,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 109,6 %, qeyri-ərzaq məhsulları üzrə 108,4 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 108,2 % təşkil edib.
Bu barədə Dövlət Gömrük Komitəsi  xəbər verir.
Məlumata görə, ötən ay isə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5 %, əvvəlki ilin dekabr ayı ilə müqayisədə 102,1 % olub.
Dekabrda ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki noyabra nisbətən 101,0 %, əvvəlki ilin dekabr ayı ilə müqayisədə 100,8 % təşkil edib. Ayrı-ayrı ərzaq məhsullarından daha çox artım yumru düyünün, təzə balığın, pasterizə olunmamış üzlü südün, yumurtanın, zeytun yağının, narın, naringinin, üzümün, heyvanın, xurmanın, almanın, bananın, qozun, fındığın, xiyarın, pomidorun, sarımsağın, soğanın, balqabağın, limonadın, azalma isə əsasən qarabaşaq və manna yarmasının, çörəyin, mal və qoyun ətinin, kəsmiyin, süfrə marqarininin, qarğıdalı və günəbaxan yağlarının, portağalın, limonun, kələmin, yerkökünün, çuğundurun, kartofun, şəkər tozunun qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişiklik baş verməyib.
Ötən ay qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0 %, əvvəlki ilin dekabr ayı ilə müqayisədə 102,7 % olub.
Dekabrda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi noyabra nisbətən 100,1 %, əvvəlki ilin dekabr ayı ilə müqayisədə 103,7 % təşkil edib. Ödənişli xidmətlərdən artım əsasən taksi nəqliyyatı ilə şəhərdaxili sərnişindaşıma xidmətlərinin və istirahət turlarının qiymətlərində, azalma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişiklik baş verməyib.
Azərbaycanda inflyasiya göstəricisinin 8,8 faiz olması ilə bağlı fikirlərini "Sherg.az"la bölüşən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, ölkədə  2020-ci ildən bu yana infliyasiya səviyyəsi çox yüksək idi:
"Hətta sözügedən göstərici 2 rəqəmli ədədlər səviyyəsindəydi. Bunun pandemiya, logistik xəttlərin qırılması, ölkənin idxaldan aslı olması kimi səbəbləri var idi. Amma hökümət və Mərkəzi bank 2023- cü il üçün infliyasiya göstəricilərini bir rəqəmli etməyə çalışdırdı. Açıqlanan məlumatlara baxdıqda qarşıya qoyulan hədəfə nail olunduğunu görürük".

Ekspert Azərbaycanda alternativ infliyasiya yoxlama mərkəzlərinin olmamasının problem yaratdığını söyləyib:
"Məsələn, Türkiyədə ən az 3 belə mərkəz fəaliyyət göstərir. Orada dövlət, İş Adamları Asossasiyası və Həmkarlar İttifaqı hər bir ayrı- ayrılıqda yoxlama aparır. Azərbaycanda da bu tipdə mərkəzlər yaradılmalıdır. Ümumiyyətlə isə hazırda dünya bazarında infliyasiya səviyyəsi enişdədir və bu Azərbaycanada təsirsiz ötüşməyib".