Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi
Bu ildən Azərbaycanda faktorinq əməliyyatları üzrə ƏDV əvəzləşmə mexanizmi işə salınıb
“İqtisadi Forum həm də özəl sektorun yeni istiqamətlər müəyyənləşdirməsi baxımından önəmlidir”
Dünyanın yeni iqtisadi mənzərəsinin yaranmasında böyük rol oynayan Davos İqtisadi Forumu (Dünya İqtisadi Forumu) işə başlayıb. Məlumdur ki, iqtisadiyyatın yeni istiqamətlərinin müəyyənləşdirilməsində təməli 1971-ci ildə qoyulan Davos İqtisadi Forumu xüsusi əhəmiyyət daşıyır. Burada irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir. Davos Forumu, eyni zamanda iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır. Builki Davos İqtisadi Forumunun 54-cü iclası rəsmən işə başlayıb artıq. Verilən məlumata görə, tədbirdə dünya siyasətinin bir çox məşhurlarının iştirakı gözlənilir. O cümlədən ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və dövlət katibi Antoni Blinkenin Dünya İqtisadi Forumunda çıxış edəcəyi bildirilir. Yanvarın 14-də açılış mərasimi olan Forum yanvarın 19-dək davam edəcək. Azərbaycan nümayəndə heyəti də Forumda iştirak edir. İqtisadiyyat naziri Mikayıl Cabbarov və dövlət strukturlarının, o cümlədən yerli şirkətlərin bir sıra nümayəndələri İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumuna qatılıb. Nümayəndə heyətinin tərkibinə həmçinin Azərbaycanın bir sıra dövlət və özəl şirkətlərinin təmsilçiləri də daxildir. Məlumdur ki, Davos İqtisadi Forumu isveçrəli professor Klaus Şvabın təşəbbüsü ilə 1971-ci ildə yaradılıb. Klaus Şvab 1971-ci ildə İsveçrənin Davos şəhərində Avropanın aparıcı 450 şirkətinin rəhbərlərini toplayaraq, dünya iqtisadiyyatının perspektivlərini müzakirə etmək və ümumi strategiya hazırlamaq məqsədilə birinci simpoziumu keçirib. 70-ci illərin ortalarından forumun iclaslarına müxtəlif ölkələrin hakimiyyət nümayəndələri və iş dünyasının liderləri olan sahibkarlar dəvət edilməyə başlandı. 1987-ci ildən etibarən forum Dünya İqtisadi Forumu (DİF) adlandırılmağa başlanıb. Davos forumu üçün ənənəvi şəkildə illik keçirilən görüşlər xarakterikdir. DİF-in hər il keçirilməsində əsas məqsəd dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatları, elm adamlarını, nüfuzlu siyasətçiləri, iqtisadçıları, biznesmenlərin iştirakı ilə yeni beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsini müzakirə və təşkil etməkdir. 1979-cu ildən etibarən DİF-in mütəxəssisləri tərəfindən "dövlətlərin qlobal rəqabətə davamlılığı" adlı məruzə hazırlanılır. Bu məruzələrdə dünyanın 100-dən çox dövləti iki əsas göstərici əsasında — potensial inkişaf və rəqabətə davamlılıq indeksi üzrə qiymətləndirilir. İqtisadi xarakter daşımasına baxmayaraq, Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir. Qlobal iqtisadi böhranın, milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən siyasi münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan Davos Forumu, şübhəsiz ki, bir çox məsələlərin müzakirəsinə və vacib qərarların qəbuluna əlverişli mühit yaradır.
İqtisadçı Fuad İbrahimov “Sherg.az"a açıqlamasında qeyd etdi ki, ötən il noyabrın 13-16-da Bakıda keçirilən Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumunun ("SME World Forum 2023") təşkil olunması Davos İqtisadi Forumundan heç də geri qalmadı:
- Bu Forum İqtisadiyyat Nazirliyinin dəstəyi, nazirlik yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Kiçik Biznes üzrə Beynəlxalq Şuranın (ICSB) təşkilatçılığı ilə keçirildi. Tədbirdə dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, biznes assosiasiyalar və iş adamları iştirak etdilər. Belə tədbirlər sahibkarlığın inkişafı üçün platforma rolunu oynayır. Çünki məqsəd kiçik və orta biznesin dəstəklənməsi və inkişafı sahəsində ən yaxşı təcrübənin öyrənilməsi, institusional tərəfdaşlığın genişləndirilməsi, maraqlı tərəflər arasında əməkdaşlıq üçün yeni imkanların müəyyən edilməsi, gənc sahibkarlığın təşviqi, eləcə də, Azərbaycanın əlverişli biznes mühitini və potensial investisiya imkanlarını geniş auditoriyaya tanıtmaqdır. Həmin forumda iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov da çıxış etdi, ICSB-nin prezidenti və baş icraçı direktoru Ayman El Tarabişi, İCSB-nin İdarə Heyətinin sədri Ki Çan Kim, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və müxtəlif ölkələrdən gəlmiş başqa qonaqlar da çıxış etdilər. Məsələn, Türkiyə Sənayeçi və İş Adamları Dərnəyinin prezidenti Yaşar Doğan dünyada və ölkəmizdə sahibkarlığın inkişafından danışdı. Kiçik və orta sahibkarlığın ümumdaxili məhsulun həcminin atrmasında, məşğulluqda və ixracda artan rolunu vurğuladı. Əsas vurğunu bu məsələyə etdi ki, kiçik və orta sahibkarlıq subyektləri dəstəklənməlidir. Belə tədbirlərdə panel müzakirələr də çox faydalı olur. Çünki təcrübə mübadiləsinə imkan yaranır, müsbət tarixçələr açıqlanır və sahibkarlar yeni təcrübələr, idarəetmə bacarıqları öyrənirlər. Bu mənada Davos İqtisadi Forumu da həm dünya iqtisadiyyatının yeni istiqamətləri, həm də sahibkarlığın, özəl sektorun yeni istiqamətlər müəyyənləşdirməsi baxımından önəmlidir.
İqtisadçı qeyd etdi ki, Azərbaycanda özəl sektorun inkişafı üçün lazımi addımlar atılır, mühüm qərarlar verilir:
- Bir misal çəkim; bu ildən Azərbaycanda faktorinq əməliyyatları üzrə ƏDV əvəzləşmə mexanizmi işə salınıb. Bu nədir? Sahibkarlıq subyektlərinin əməliyyatlarının faktorinq aləti vasitəsilə çevik şəkildə kreditləşdirilməsindən aktiv istifadə edilməsi. Bu alət biznesin maliyyə yükünün azaldılması və likvidlik səviyyəsinin artırılması istiqamətində bazara ciddi şəkildə təkan verir. Təcrübədə istehsalçılar və topdansatış ticarət fəaliyyətini həyata keçirən biznes subyektləri tərəfindən satılan malların dəyəri adətən 2-3 ay ərzində və bəzi hallarda daha gec müddətdə geri ödənilir. Bu isə istehsalçı və topdansatış ticarət subyektlərinin fəaliyyətində nağd pul çatışmazlığına səbəb olur. Belə vəziyyətdə banklar faktorinq alətindən yararlanmaqla biznes subyektlərinin maliyyə likvidliyini təmin edir və alıcılardan vəsaitlərin daxil olması ilə bağlı çətinliklər aradan qalxır. Faktorinq alətindən istifadə zamanı ödənilmiş ƏDV məbləğlərinin əvəzləşdirilməsinin mümkünlüyü Vergi Məcəlləsinə edilmiş son dəyişikliklə təsbit edilib. Bu da maliyyələşmə alətlərinin cəlbediciliyinin artırılmasına və biznesin fasiləsizliyinin təmin olunmasına kömək edəcək. Yəni sahibkarlara bu dəyişiklik sərf edir, bundan yararlana biləcəklər.