2023-cü il dövlət büdcəsi kəsirinin yuxarı həddi 2734,3 milyon manat məbləğində təsdiq olunsa da faktiki kəsir 883,7 mln. manat təşkil edib.
Bu barədə Maliyyə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, dövlət büdcəsinin kəsiri 2023-cü ilin faktiki ÜDM-in 0,7 faizini təşkil etməklə, proqnozlaşdırılmış həddən 1,8 faiz-bənd azdır. (proqnoza nisbətən 1850,6 mln. manat və ya 67,7 faiz az).
Kəsirin proqnoza qarşı əhəmiyyətli dərəcədə daralması ilk növbədə fiskal orqanlar tərəfindən dövlət büdcəsinə daxilolmaların artıqlaması ilə təmin edilməsi və dövlət büdcəsinin xərclərinin 166,3 mln. manatlıq hissəsinin (0,5 faiz) icra edilməməsi hesabına olmuşdur.
2023-cü il dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi həmin il üçün qəbul olunmuş borclanma proqramına uyğun olaraq cəlb edilmiş vəsait (1605,2 mln. manat) və dövlət əmlakının özəlləşdirilməsindən (116,0 mln. manat) daxilolmalar hesabına həyata keçirilmişdir.