Azərbaycanın iqtisadi artımı 2023-cü ildə təxmini olaraq 1,4%-ə qədər azalıb və növbəti iki il ərzində ÜDM-də artımının nisbətən az olacağını proqnozlaşdırırıq”.
Bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin hesabatına bildirilib. Bununla belə, “Fitch” hesab edir ki, cari əməliyyatlar hesabının profisiti (CƏH) qarşıdakı iki ildə ikirəqəmli olmaqda davam edəcək: “Müsbət cəhət odur ki, Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2023-2025-ci illərdə ikirəqəmli səviyyədə qalacaq. Ölkənin xalis suveren aktivləri 2025-ci ilə qədər ÜDM-in 72%-nə yüksələcək”.
Reytinq agentliyi bundan əlavə, qeyd edib ki, neft qiymətlərinin büdcədə nəzərdə tutulandan yüksək olması və qeyri-neft gəlirlərinin artımı eyni dövrdə Azərbaycanın icmal büdcəsini profisitdə saxlayacaq.
“Fitch” əlavə edib ki, Mərkəzi Asiya və Qafqaz ölkələrində, o cümlədən Azərbaycanda dövlət borcu aşağı olaraq qalacaq: “Dövlət borcunun ÜDM-ə nisbətinin 2025-ci ildə Ermənistanda 44,3%, Azərbaycanda 22,2%, Gürcüstanda 38% və Özbəkistanda 35,5% proqnozlaşdırılaraq növbəti iki il ərzində nisbətən sabit qalacağı gözlənilir.
"Fitch Ratings" beynəlxalq reytinq agentliyinin 2023-cü il Azərbaycanla bağlı məlumatlarını "Sherg.az" üçün şərh edən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, onların təqdim etdiyi statistika daha optimistdir:
"Azərbaycan hökümətinin açıqlamalarına görə ölkədə ÜDM artımı 1,1% olub. Azərbaycanda ÜDM-in artım sürətinin azalması, hətta MDB-də ən aşağı nəticələrdən biri kimi göstərilməsinin bir sıra səbəbləri var. Əsas səbəb Azərbaycanda neft hasilatının azalmasıdır. Neft qiymətlərinin də 2022-ci illə nisbətdə 2023-cü ildə aşağı olması, eyni zamanda qaz qiymətlərində eyni halın yaşanması ÜDM-in azalması ilə nəticələnib. Digər tərəfdən Azərbaycanda hələ də quru sərhədlər bağlıdır. Quru sərhədlərin bağlı olması da iqtisadi aktivliyə, turizmə və onun təsir etdiyi sahələrə mənfi təsir göstərir. Azərbaycanın xarici borcu başqa ölkələrlə nisbətdə yaxşı səviyyədədir".