2023-cü il 31 dekabr tarixinə xarici dövlət borcu 6480,7 mln. ABŞ dolları (11017,2 mln. manat) ekvivalentində və ya Ümumi Daxili Məhsulun (ÜDM) 9%-ni təşkil edib.
Bu barədə Maliyyə Nazirliyindən bildirilib.
2023-cü il 1 yanvar tarixinə olan göstəricisi ilə müqayisədə xarici dövlət borcunun məbləği mütləq ifadədə 212,5 mln. ABŞ dolları (361,2 mln. manat) və ya 3,2% azalıb.
Qeyd edilib ki, Azərbaycan Respublikası ilə beynəlxalq maliyyə təşkilatları arasında imzalanmış kredit sazişləri çərçivəsində 2023-cü il ərzində 148,0 mln. ABŞ dolları (251,6 mln. manat) məbləğində kredit vəsaitindən istifadə edilib.
Azərbaycanın xarici dövlət borc göstəriciləri barədə "Sherg.az"a dəyərləndirmə edən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, dövlət borcları xarici və ümumi olaraq 2 yerə ayrılır:
"Burada Azərbaycanın xarici valyutada olan dövlət borcundan söhbət gedir. Ümumi dövlət borcu biraz daha çoxdur. Amma bu borc manatla olduğu üçün o qədər də narahatlıq yaratmır. Önəmli olan xarici valyutada olan dövlət borcudur. Xarici valyutada olan borclar əskinasların bahalaşması kimi hallarda ölkəyə problemlər yaradır. Bu baxımdan Azərbaycanın xarici dövlət borcunun ÜDM-yə nisbətdə az olması müsbət haldır".
İqtisadçı Azərbaycanın xarici dövlət borcuna görə ən yaxşı göstəriciyə sahib ölkələrdən biri olduğunu vurğulayıb:
"Digər bir məqam isə borc olaraq əldə olunan vəsaitin necə dəyərləndirilməsidir. Cəlb edilən məbləğin istifadəsindən çox şey aslıdır. Borc olaraq götürülən faizli pulu düzgün istifadə etmək lazımdır. Bu baxımdan Azərbaycanın xarici dövlət borcları kifayət qədər yaxşı səviyyədədir".