Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) gəmi-bərələri ilə 2023-cü ildə daşınan sərnişinlərin sayı 24 min 399 nəfər olub və bu da 2022-ci illə müqayisədə 2 737 nəfər (12,6 %) çoxdur.
Bu barədə ASCO-dan bildirilib.
Qeyd edilib ki, ötən il sərnişinlərin çoxu "Ro-Pax" tipli “Azərbaycan” gəmi-bərəsi ilə daşınıb. Bu gəmi ilə 6 023 nəfər mənzil başına çatdırılıb.
Keçən il ASCO-nun müştərilərə təqdim etdiyi elektron bilet xidmətindən yararlanaraq bilet alan sərnişinlərin sayı isə 99 nəfər təşkil edib. Bileti ASCO-nun rəsmi saytında (www.asco.az) “Elektron xidmətlər” bölməsinin “Tarif hesablanması və bilet satışı” alt bölməsindən əldə etmək mümkündür.
Həmçinin 2023-cü ildə ASCO-nun gəmi-bərələri ilə ümumilikdə 2 170 reys həyata keçirilib.
Azərbaycanın dənizçilik sahəsində olan inkişaf barədə "Sherg.az"a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bu sahədə inkişafın olması müsbət haldır:
"Amma ölkədə sözügedən sahədə potensialdan tam istifadə olunmur. Yəni Xəzər dənizində istər sərnişin daşımalarında, istərsə də kruizlər üçün böyük imkanlar mövcuddur. 5 Xəzəryanı ölkələrə səfərlər təşkil etmək olar. Bu sahədə sərnişin dövriyyəsini doğru siyasət yürütməklə 100 minlərə çatdırmaq mümkündür. Xəzəryanı ölkələrlə turizm sazişləri imzalanarsa, hətta papulyar kruiz turları təşkil etməkdə olar.