İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf ölkəmizdə səfərdə olan Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraqdarla görüşüblər.
İqtisadiyyat Nazirliyindən bildirilib ki, görüşdə iqtisadiyyat naziri ölkələrimiz arasında səmərəli enerji tərəfdaşlığını, birgə reallaşdırılan layihələrin regional inkişafa, stabilliyə və təhlükəsizliyə, Azərbaycan və Türkiyənin strateji maraqlarının təmin olunmasına xidmət etdiyini vurğulayıb. Bu xüsusda SOCAR-ın Türkiyədəki çoxşaxəli fəaliyyəti məmnunluqla qeyd olunub.
Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraqdar enerji tərəfdaşlığının yeni qlobal trendlərə uyğun şəkildə inkişaf etdirilməsi barədə fikirlərini bölüşüb. Qeyd olunub ki, bu il Azərbaycanda təşkil olunacaq COP29 tədbiri də alternativ enerji və digər sahələrdə müzakirələrin aparılmasına və əməkdaşlıq üçün yeni imkanların açılmasına təkan verəcək.
Görüşdə Azərbaycan və Türkiyə arasında iqtisadiyyat, o cümlədən enerji sahələrində mövcud və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.