Yeni qızıl yataqlarının istismara verilməsi qiymətə necə təsir edəcək? -Açıqlama

Ötən il Azərbaycanın yerli və beynəlxalq bazarlarda qızıl və gümüş satışından gəliri 232,8 milyon manat olub.                                                                                        Bu barədə "AzərGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov 2023-cü ilin fəaliyyət yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.  Onun sözlərinə görə, satışlardan əldə olunan ümumi gəlir 2022-ci ilin göstəricisi ilə müqayisədə 15 faiz artıb.                                                                                                   "Bu məbləğin 210,1 milyon manatı ixracın, 22,7 milyon manatı isə daxili satışların payına düşür. 2022-ci illə müqayisədə ixracdan əldə olunan gəlir 11 faiz, daxili bazarda satışlardan əldə olunan gəlir isə 81 faiz artıb. 2023-cü ildə qiymətli məhsulların ümumi satış həcmindən əldə olunan gəlirin 97,9 faizi qızıl satışının payına düşüb. Beləliklə, 2017-2023-cü illər ərzində qızıl-gümüş satışı nəticəsində əldə olunan ümumi gəlir 1,19 milyard dollar olub", - o deyib.
İşğaldan azad olunan bölgələrdə də qızıl yataqları mövcuddur.                                              
Sual yaranır ki, bu ərazilərdə qızıl istehsalını artırmaq üçün nə etməliyik? Gələcəkdə bu nüans qeyri-neft sektorunun inkişafına necə təsir göstərəcək?

Məsələyə münasibət bildirən iqtisadçı ekspert Xalid Kərimli isə "Sherg.az"a söyləyib ki, Azərbaycanın qızıl və gümüş satışından ixrac gəliri aşağı düşüb:

"artım ehtimalı aşağıdır. Ancaq azad olunmuş ərazilərdə yeni qızıl yataqlarının istismara cəlb olunması Azərbaycanın qızıl ixracını artıracaq. Bildiyiniz kimi hazırda Gədəbəy, Daşkəsən qızıl mədənləri fəaliyyətdədir. Kəlbəcər, Zəngilan əraziləri isə yaxın vaxtlarda istifadəyə veriləcək. Buradan əldə olunan ixrac gəlirləri təqribən 100-150 milyon dollar aralığında olur. Güman etməyək ki, əlavə qızıl yataqlarının istismarı ölkə gəlirlərini on dəfələrlə çoxaldacaq. Uzun illərdir Ermənistan Zəngilanda, Kəlbəcərdə, Ağdərədə olan qızıl yataqlarını talayırdı. İndi isə bizim bundan istifadə etməyimiz əlavə iş yerlərinin açılmasına, məhsulun bazarda rahat satışın təmin olunmasına şərait yaradacaq. Bu faktor ölkənin valyuta bazarını artıracaq və əlavə dayanaqlı iş yerlərinin təmini baxımdan müsbətdir. Amma bu o qədər də qeyri-neft sektorunda ciddi məşğulluq və ixrac artımına gətirib çıxarmayacaq".