Bankların regionlarda məskunlaşan şəxslərə verdikləri kreditlərin faiz dərəcələri paytaxtla müqayisədə yüksəkdir.
2024-cü il yanvarın 1-nə olan məlumata görə, ümumilikdə banklar tərəfindən ölkə iqtisadiyyatına kredit qoyuluşu 23 milyard 182.9 milyon manat təşkil edib. Bunun da 76.5%-i və ya 17 milyard 736 milyon manatı Bakının payına düşüb. Bakıda ümumi kreditlərin orta faiz dərəcəsi 11.09, milli valyutada verilən kreditlərinki isə 12.96 təşkil edib.
Maraqlıdır, regionlarda kreditlərin faiz dərəcələri niyə görə, paytaxtla müqayisədə yüksəkdir?
Məsələyə münasibət bildirən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov "Sherg.az"a bildirib ki, kreditin faiz dərəcəsi xərc və riskə bağlıdır:
"Yəni, nə qədər çox xərc çəkilər və qaytarılma riski çox olarsa, faiz də yüksək olar. Bankların çoxunun regionlarda filialları yoxdur. Filialları olsa belə məhkəmədə onlar iştirak etmirlər. Bu zaman bank Bakıdan işçi göndərdiyi üçün xərc çoxalır. Banklar da bunu nəzərə alırlar. Həmçinin, regionlarda kreditin ödənilməmə riski çoxdur. Çünki bölgələrdə işsizlik səviyyəsi yuxarıdır deyə, gəlir azlıq təşkil edir. Sözügedən səbəblərdən bölgələrdə kredit faizləri daha yüksəkdir".