İqtisadçı: Mərkəzi Bankın hədəfləri var

Uçot dərəcəsini aşağı salmaqla həm öz faiz xərclərini azaltmaq, həm də kredit bazarının daha da aktivləşməsinə təsir etmək istəyir


  2024-cü ildə inflyasiya proqnozu dəyişməz saxlanılıb. Ötən ilin oktyabrında olduğu kimi cari ilin yanvar proqnozlarına görə də, 2024-cü ildə illik inflyasiyanın hədəf daxilində qalacağı gözlənilir.
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov uçot dərəcəsinin parametrlərindəki dəyişikliyinə həsr olunmuş mətbuat konfransında qeyd edib ki, İdarə Heyətinin pul siyasətinə həsr edilmiş ötən iclasından bəri illik inflyasiya tempi azalıb: “2023-cü ildə 12 aylıq inflyasiya 2,1 faiz təşkil etməklə hədəf (4±2 faiz) diapazonunun aşağı hissəsində formalaşıb. İnflyasiyada istehlak səbətinin bütün qrup komponentləri üzrə azalma müşahidə edilib. İllik ərzaq inflyasiyası 0,8 faiz, qeyri-ərzaq inflyasiyası 2,7 faiz, xidmətlər inflyasiyası isə 3,7 faiz təşkil edib. Faktiki inflyasiyanın dinamikası inflyasiya gözləntilərinə də təsir edib”.
  Mərkəzi Bank bu il ölkədə iqtisadi artımın təqribən 3,5 faiz səviyyəsində olacağını proqnozlaşdırır. Onun sözlərinə görə, 2025-ci ildə ümumdaxili məhsulun (ÜDM) artımı 3-4 faiz səviyyəsində olacaq: “Kreditlərin faizləri iqtisadiyyatda olan risklərdən, borcalananın ödəmə qabiliyyətindən, cəlb edilən vəsaitin maya dəyərindən asılıdır”. O qeyd edib ki, faizlərin aşağı düşməsi üçün müxtəlif səbəblər olmalıdır: “Bu, depozitlərə təsir göstərir. İqtisadiyyatın yaxşı vaxtlarında daha aşağı faizlərə nail ola bilərik. Lakin təcrübəmdən deyə bilərəm ki, faizlər nə qədər də aşağı olsa, bir az da endirilməsi istəniləcək. İstəyimiz odur ki, kredit faizləri ədalətli olsun”.
  T.Kazımovun sözlərinə görə, Azərbaycanın strateji valyuta ehtiyatları 17 faiz artaraq 2023-cü ilin yekunlarına görə 66,5 milyard ABŞ dolları olub.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 8 faizdən 7,75 faizə endirilməsi barədə qərar qəbul edib. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 0,25 faiz bəndi azaldılaraq 6,5 faizdən 6,25 faizə, yuxarı həddi isə 0,25 faiz bəndi azaldılaraq 9 %-dən 8,75 %-ə endirilib. Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf dəhlizində (4±2 faiz) olması, inflyasiya gözləntilərinin stabilləşməsi, eləcə də valyuta bazarında vəziyyət nəzərə alınmaqla verilib. Qərar sabahdan qüvvəyə minir. Faiz dəhlizinin parametrləri haqda növbəti qərar  isə martın 28-də açıqlanacaq. 
  T.Kazımovun sözlərinə görə, gələn ildən Azərbaycanda uçot dərəcəsinin depozit faizlərinə təsir edəcəyi gözlənilir: “Hazırda bazarda likvidlik kifayət qədərdir. Yüksək likvidlik şəraitində Mərkəzi Bankın faiz dərəcələri çalışmır. Pulların həcmini elə səviyyədə saxlamalıyıq ki, dəyəri Mərkəzi Bank tərəfindən planlaşdırılan dəhliz çərçivəsində olsun".
  “Azərbaycanda xırda sığorta şirkətlərinin birləşəcəyi istisna edilmir”- deyə, AMB sədri deyib.
 
 İqtisadçı-ekspert Xalid Kərimli isə “Sherg.az”a açıqlamasında deyib ki, Mərkəzi Bank  rəhbərliyi faiz dərəcəsinin 0,25 faiz bəndi aşağı endirilməsinin əsas səbəbi kimi ölkədə 12 aylıq inflyasiyanın aşağı düşməsini göstərib:
 “Görünən odur ki, Mərkəzi Bank inflyasiyanın daha da aşağı düşməsində maraqlı deyil.  Yəni manatın faiz dərəcəsini aşağı salmaqla inflyasiyanın kəskin azalmasına mane olmaq, eyni zamanda ölkədəki iqtisadi aktivlikdə rol almaq istəyir. Faiz dərəcəsi aşağı olanda  kredit bazarında fəallıq artır”. 

  Ekspertin sözlərinə görə, inflyasiyanın azalmasının bir səbəbi dünyada baş verən proseslərlə bağlıdır: 
“ Son 12 ayda əmtəə qiymətləri indeksi 18.9  faiz, ərzaq qiymətləri indeksi 10,1 faiz  aşağı  düşüb. Manat dollara fiksə edildiyinə görə, Azərbaycanın digər ticari partnyorlarının  valyutalarına nisbətdə 19.3 faiz bahalaşıb. Bu iki amil inflyasiyanı və inflyasiya gözləntilərini aşağı  salıb. Mərkəzi Bank isə uçot dərəcəsini aşağı salmaqla həm öz faiz xərclərini aşağı salmaq və kredit bazarının daha da aktivləşməsinə təsir etmək istəyir. 
Qeyd edim ki, Mərkəzi Bank qiymətli kağız bazarında notlar buraxır və elan etdiyi faiz dərəcələrinə uyğun olaraq, onun notlarına qısamüddətli investisiya qoyan  subyektlərə faiz ödəyir”. 

  Faiz dərəcəsinin aşağı salınması ümumi iqtisadiyyat üçün müsbət siqnal olsa da, bu azalma kredit faizlərinə təsir göstərmir: 
“Uçot dərəcələrinin aşağı salınması nəzəri cəhətdən kreditlərin ucuzlaşmasına gətirib çıxarmalıdır. Lakin Azərbaycanda bu baş vermir. Uçot dərəcəsi qaldırılanda və ya aşağı endiriləndə kredit faizlərində hər hansı dəyişiklik olmur. Çox təəssüf ki, Mərkəzi Bankın apardığı faiz siyasətinin transmissiyası sürətli  deyil.  Son bir neçə ayda MB uçot dərəcəsini aşağı salsa da, biz iri kommersiya banklarının öz faizlərini artırması meylini müşahidə edirik.  Kredit faizlərinin aşağı salınması, eləcə də depozit və kredit faizləri arasında əlaqənin formalaşması üçün Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən sistemli addımların atılmasına ehtiyac var”.