Valyuta hərracında bankların dollar tələbi 80 milyona yaxınlaşıb. 6 fevral 2024-cü il tarixində Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib. “APA-Economics” AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 79.7 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Qeyd edək ki, bu göstərici ötən hərracdan 1.3% çoxdur. Belə ki, 1 fevralda keçirilən valyuta hərracında banklar 78.7 milyon dollar alış həyata keçirib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Maraqlıdır,tələbin artması dolların qiymətinin yüksəlməsinə səbəb ola bilər?
Məsələni dəyərləndirən iqtisadçı ekspert Natiq Cəfərli "Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycanda hər ilin əvvəlində və bayramdan qabaq valyutaya tələbat artır:
"Bunu böyük artım hesab etmək olmaz. Statistikanın valyutanın məzənnəsinə təsiri yoxdur. Çünki ölkəmizdə bu prosses inzibati qaydada tənzimlənir. Yəni, tələb-təkliflə deyil, Mərkəzi Bankın və hökümətin qərarı ilə müəyyənləşdirilir. Ona görə də düşünmürəm ki, ölkədə məzənnə dəyişikliyinə dair hazırlıq getsin. Bu il ərzində yenilənmələrin olacağı gözlənilmir. Çünki bu il ard-arda seçki müsabiqələri təşkil olunacaq. Ancaq bu o demək deyil ki, məzənnə göstəriciləri olduğu kimi qalsın. Fikrimcə, 2025-ci ilin sonu, 2026- cı ilin əvvəlində məzənnə ilə bağlı yeniliklər gözləniləndir".