Azərbaycan bu il istehsal edəcəyi təbii qazın yarısını ixrac edəcək.
"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasının yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, bu il Azərbaycanda 48 milyard kubmetrdən çox qaz istehsalı nəzərdə tutulur: "İstehsal edilən qazın təxminən yarısı Türkiyə, Gürcüstan və Avropaya ixrac ediləcək. Biz müəyyən bir artımla bu ixracı davam etdirmək niyyətindəyik".
Qeyd edək ki, ötən il Azərbaycan Avropaya 11,9 milyard kubmetr, Türkiyəyə 9,5 milyard kubmetr, Gürcüstana isə 2,5 milyard kubmetr qaz ixrac edib.