Xətai rayonu Lütfizadə küçəsində fəaliyyət göstərən “Kremlin Hall" şadlıq sarayından havaya tüstü və iy-qoxunun yayılması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər əsasında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən monitorinq və araşdırma aparılıb.
Xidmətin rəsmisi Qafar Ağayev bildirib ki, aparılan monitorinq və ölçmə işləri zamanı atmosfer havasına atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu müəyyən edilib.
“Araşdırma zamanı sözügedən obyektdə təmizləyici qurğunun quraşdırılmasına baxmayaraq, ona vaxtaşırı xidmət göstərilmədiyi, filtrlərin vaxtında dəyişdirilmədiyi səbəbindən havaya normadan artıq tullantı atıldığı məlum olub. Faktla bağlı “Kremlin Hall" şadlıq sarayının rəhbəri Elçin Qubadov barəsində qanunamüvafiq tədbir görülüb və filtrlərin dəyişdirilməsi üçün ona məcburi göstəriş verilib”.
Qafar Ağayev qeyd edib ki, ölkə ərazisində son 10 gün ərzində keçirilən monitorinqlər və səyyar laboratoriya vasitəsilə aparılan ölçmə işləri zamanı Bakı şəhərində fəaliyyət göstərən “Neptun”, “Meridian Park”, “Leyla Palace”, “Kaman House”, “İmperial”, “Gold Baku”, “Qala Qapısı”, “Köhnə Ciyərxana”, “Fontan”, “Cənnət Gəncə” ictimai-iaşə obyektləri və restoranlarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib. Faktlarla bağlı obyektlərin səlahiyyətli nümayəndələri barəsində akt, protokol tərtib olunub.
Q.Ağayev restoran və ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib ki, obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etsinlər, havaya normadan artıq tullantı atılmasına yol verməsinlər. Əks halda qanun pozucularına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən qanunamüvafiq tədbirlər görüləcək.
İqtisadçı -ekspert Eyyub Kərimli “Sherg.az”a bildirib ki, ölkədə xidmət sektoru fəaliyyətini iqtisadi mövqeyi nəzərdən müsbət qiymətləndirir:
“Bu gün xidmət sektorunda rentabellik və rəqabətlilik böyükdür. Bu sektorun getdikcə daha çox inkişafını müşahidə edirik. Xidmət səviyyəsinə gəldikdə isə bu sahədə olan problemlər çoxdur. Bu gün biz xidmət sahələrində həm keyfiyyətin, həm də qiymətin uyğunsuzluğunu müşahidə edirik. Keyfiyyətli və daha üstün xidmət göstərən ictimai iaşə obyektlərimiz, restoranlarımız və otellərimiz var. Daha ciddi müşahidə aparanda görürük ki, qiymətlər xidmətlərə adekvat deyil. Bəzən xidmətlərin qiymətləri daha bahadır və xidmət səviyyəsi həmin qiymətlərə uyğunlaşdırılmır. Bunun ortadan qaldırılması üçün rəqabət şəraiti genişləndirilməlidir. Liberal rəqabət bazarda yaradılmalıdır. Rəqabət münasibətləri daha şəffaf olan zaman tələb təklif əsasında formalaşır . Belə təqdirdə müştərilər, istehlakçılar harada daha münasib qiymətə və ya daha keyfiyyətli xidmət görürlərsə, həmin müəssisələrin xidmətindən daha çox istifadə etməyə başlayacaqlar. Həmin sahədə xidmətlərin keyfiyyətinin artması və qiymətlərin digər rəqiblərə münasibətdə daha uyğun olması ilə nəticələnəcək. İstehlakçılara da müəyyən öhdəliklər və məsuliyyət düşür ki, daha ciddi araşdırmalar aparsınlar və daha uyğun qiymətə keyfiyyətli xidmətlər göstərən iaşə obyektlərinin xidmətlərindən istifadə etsinlər. Sözsüz ki, sahibkarlar təbii rəqabət şəraitində öz xidmətlərini daha da yüksəldəcəklər. Bəzən şadlıq saraylarında şişirdilmiş qiymətlər, suni qiymət artımı müşahidə edilir. Bu istehlakçının maddi vəziyyətinə mənfi təsir göstərir”.