Taxıl böhranı: Qiymətlər bahalaşacaq? -RƏY

Azərbaycan özünü təxminən 24-25 faiz taxılla təmin edə bilir. Qalan hissəni xaricdən alırıq. Son illər üç ölkədən - Ukrayna, Rusiya və Qazaxıstandan taxıl alınırdı. Ukraynadan müharibəyə görə taxıl almaq xeyli çətinləşib. Rusiya və Qazaxıstandan alınan taxılın qiyməti artıb. Səbəb isə yaz aylarında həm Qazaxıstanda, həm Rusiyada taxıl əkilən bölgələrdə çox böyük daşqınlar olmasıdır. Ardınca aprel ayında şaxtalı hava şəraiti müşahidə olundu.                         
Bəs, bu amillər ölkədə taxılın qiymətinə necə təsir edəcək? 

Məsələ ilə bağlı "Sherg.az"a açıqlama verən iqtisadçı-ekspert Eyyub Kərimli söyləyib ki, Türkiyə də taxılın ixracatına məhdudiyyət qoyub: 

"Sözsüz ki, bu hal davam edərsə, taxılın qiymətində bahalaşmanın olacağı qaçınılmazdır. Artıq bir neçə gündür ki, un kisələrində 5 manat artım müşahidə edilir. Doğrudur, taxıl ölkəyə 5-6 ay öncədən tədarük olunur. Lakin tendensiya bu cür irəliləyərsə, müəyyən addımlar atılacaq. Rusiya və Qazaxıstan Azərbaycanın əsas idxal tərəfdaşlarıdır. Orada baş verən müəyyən hadisələr ölkəmizə təsir edir".

 İqtisadçı-ekspert Rəşad Həsənov isə diqqətə çatdırıb ki, taxıl aldığımız üç ölkədə baş verən problemlərə görə, 2024-cü ildən gözləntilər daha aşağı düşür: 

"Halbuki, fikirlər fərqli istiqamətdə idi. Hətta, BMT-nin ərzaq təşkilatının və digər qurumların mövqeyi ondan ibarətdir ki, məhsul bolluğu tədarük zəncirində problemlərin qismən aradan qalxmasına gətirib çıxaracaq. Həmçinin son iki ildə böyük ölkələr tərəfindən keçirilən ekspansiya siyasəti nəticəsində 2024-cü ildə bazarda qiymətlər aşağı düşəcək. Amma son baş verən hadisələr hər şeyi dəyişdi. Qeyd edim ki, bir neçə həftə bundan öncə, beynəlxalq təşkilatlar 2024-cü ilin uyğun qiymətlərini vermişdilər. Təbii ki, nəticələr təxminən 1-2 ay sonra, yığım dövründə daha aydın şəkildə görsənəcək. Buna baxmayaraq, artıq bazar iştirakçıları vəziyyəti əvvəlcədən qiymətləndirməyi bacarırlar. Prosses bu il taxılın qiymətinin bahalaşacağını deməyə əsas verir".