Pekin istəsə, bir qərarla Rusiyanı dizüstə çökdürə bilər
“Hələlik Kreml bunu problem kimi görməsə də, yaxın illərdə hiss etməyə başlayacaq”
Bu günün valyuta məzənnələri açıqlanıb. 2024-cü il iyulun 8-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə lirəsi 0.0521 manat kimi təşkil edib. Avro 1.8408 manata kimi, Rusiya rublu 0.0193 manata kimi bahalaşıb.
Rublun məzənnəsinin artması Qərbin iqtisadi sanksiyalarından dolayı yaranmış xaosun sanki, səngidiyi göstəricisi kimi dəyərləndirilir.
Rusiya-Ukrayna müharibəsindən sonra Qərb ölkələrinin Rusiyaya qarşı məhdudiyyətləri ölkə iqtisadiyyatı üçün ciddi çətinliklər vəd edirdi. Lakin görünən odur ki, Rusiya iqtisadiyyatı üçün ötən iki il yarım ərzində üzləşdiyi tənəzzülün qarşısının alınması və müqavimət gücünün əldə olunması üçün fürsət imkanı yaranıb.
Bəzi ekspertlər tərəfindən Rusiyada hazırda müşahidə olunan bu tendensiya bizim üçün də əhəmiyyətli hal hesab olunur. Əsas kimi də onu deyiblər ki, şimal qonşumuzun iqtisadi çöküşü ölkəmizə yaxşı heç nə vəd etmirdi.
Lakin bir qrup ekspert isə qeyd edib ki, rublun möhkəmlənməsi hələki kövrək xarakter daşıyır ki, vəziyyət dəyişə də bilər. Yəni Qərb sanksiyaların tətbiqi zamanı Rusiyanın sadəcə bu gün yox, qarşıdakı on ildə inkişafının, böyüməsinin qarşısını almaq məqsədi güdüb.
Hazırkı qloballaşan dünyada isə izolyasiya vəziyyətində yaşamaq, inkişaf etmək qeyri-mümkündür.
İqtisadçı-ekspert Natiq Cəfərli isə “Şərq”ə açıqlamasında deyib ki, Rusiyada yerli istehsal çox zəifdir: “Rusiya iqtisadiyyatına baxanda görürük ki, istehlak mallarının böyük bir hissəsi Çindən alınır.
Bir o qədər hiss olunmasa da, Rusiya-Ukrayna müharibəsinin ölkə iqtisadiyyatına təsiri böyük olub. Artıq Rusiya iqtisadiyyatı Çindən asılı vəziyyətə düşüb. Rusiya üçün elə ən böyük problem də budur. Hələlik Kreml bunu problem kimi görməsə də, yaxın illərdə bunu hiss etməyə başlayacaqlar. Qərbin sanksiyaları ilə başa çıxmaq üçün Rusiyada Çindən asılı iqtisadi model qurulub ki, bu da yaxşı heç nə vəd etmir. Moskva Pekindən o dərəcədə asılı vəziyyətə düşüb ki, Çin bir qərarla Rusiyanı dizüstə qoya bilər. Məsələn, iqtisadi münasibətləri kəssə, maliyyə axınlarna mane olsa, Moskva çökər”.
Şəymən