Azərbaycanda devalivasiya olacağı, dolların qiymətinin ən azı 2 manata qalxacağına dair xəbərlər son günlər yenidən intensiv şəkildə yayılmağa başlayıb. Bu ölkə banklarında ABŞ valyutasına olan tələbatı daha da artırıb.
yenisabah.az xəbər verir ki, dolların qiymətinin bahalaşacağına dair xəbərlər bank sektoruna da öz təsirini göstərməyə başlayıb. Dünən günün ikinci yarısından etibarən paytaxtda fəaliyyət göstərən bankların əksəriyyəti dollar satışını məhdudlaşdırıb. Hazırda banklar müştərilərə yalnız köhnə ABŞ dolları təklif edirlər. Bu zaman isə, müştərilərə gələcəkdə bu valyutadan imtina edəcəkləri təqdirdə müəyyən problemlə üzləşə biləcəyi ilə bağlı xəbərdarlıq olunur.
“Yeni Sabah”ın əməkdaşı dünən iş gününün sonunda və bu gün səhər saatlarında bir neçə bankda müşahidə apararaq, vəziyyətin dəyişmədiyinə əmin olub. Bank əməkdaşları yeni ABŞ dollarının satışı ilə bağlı məhdudiyyətin nə vaxta qədər davam edəcəyi barədə məlumatlı olmadıqlarını bildiriblər.
Məsələyə münasibət bildirən tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki, Azərbaycanda dolların kursunun dəyişəcəyinə birgünlük mənzərə ilə qərar vermək və yaxud da proqnozlaşdırmaq kifayət qədər çətindir:
“Ölkənin əsas valyuta ehtiyatlarında hansısa azalma müşahidə edilmir. Eyni zamanda Azərbaycanın neftdən gələn gəlirləri ilə bağlı da qiymət azalması görünmür. Bu keçici olaraq epizodik mənzərədir. Çünki dünəndən etibarən dünya bazarında euro-nun qiyməti dollara nisbətən kəskin şəkildə bahalaşdı. Bu prosesin davam edəcəyi gözlənilir. Belə olan təqdirdə isə dolların qiymətinin ucuzlaşması gözlənilir. Əslində dünya birjalarında dolların dəyər itirməsi Azərbaycan Mərkəzi Bankının (AMB) gəlirlərinin azalmasına da səbəb ola bilər. Ona görə də keçiriləcək hərraclarda təklif olunan dolların qiymətinin daha aşağı olması gözlənilir. Banklarında gözləmə mövqeyində dayanması baha qiymətə aldıqları dolları ucuz qiymətə satmamalıdırlar. Görünən odur ki, yerli banklar yeni hərraclarda daha aşağı qiymətə dollar almaqla satışları bərpa etmək fikrindədirlər. Bu bankların strateji, individual verdikləri qərardır və hansısa mərkəzi göstərişdən irəli gəlmir. Yəni banklar bunu özləri edir. Ona görə də Azərbaycanda dolların satışının dayandırılması və yaxud da azalması məhz dünya birjalarında baş verən proseslərlə bağlı ola biləcəyini düşünürəm. Böyük ehtimalla gələn həftədən etibarən Mərkəzi Bankın yerli banklara təklif etdiyi dolların kursu müəyyənləşəcək. Yerli banklar aldıqları dolları hansı qiymətə satacaqları da o zaman bəlli olacaq".
İqtisadçı qeyd edib ki, Azərbaycanda dolların ucuzlaşması baş verməli idi:
"Çünki dünyanın hər yerində dollar dəyər itirməyə başlayıbsa, Azərbaycanda da bu özünü göstərməli idi. Ancaq normalda biz çox şeylər gözləyirik. Bunların heç biri isə baş vermir. Yəni həm dolların kursunun. həm də dünya birjalarında baş verənlərin Azərbaycanla birbaşa bağlılığı yoxdur. Çünki inzibati idarəetmə sistemi ilə həm maliyyə, həm də digər iqtisadi sistemlər formalaşıb. Normalı nəzərə alaraq rəy bildirə bilərik. Hesab edirəm ki, gözlənilənlər baş verərsə, gələn həftədən dünya birjalarında dolların qiyməti ucuzlaşmaqda davam edəcək. O zaman Mərkəzi Bank da hərraclarda satışa çıxardığı dolları ucuzlaşdırmalıdır. Bu isə məntiqlə Azərbaycanda dolların ucuzlaşmasına gətirib çıxarmalıdır. Azərbaycanda dollar gələn həftədən ucuzlaşmalıdır. Ancaq bunun baş verəcəyini hələ ki iddia etmək çətindir. Çünki bu dünya birjalarından asılı olan bir prosesdir. Noyabr seçkiləri yaxınlaşdıqca ABŞ-də həm iqtidarın, həm də iqtidara müxalif olan namizədlərin açıqlamaları dolların dünya bazarındakı qiymətlərinə təsir göstərəcək. Dünən Prezidentliyə namizəd Donald Trumpun açıqlama verdi ki, Ukraynaya dəstək səbəbindən ABŞ-nin silah anbarları boşalıb. Bu açıqlamalardan sonra birjalarda psixoloji gərginlik yaranmağa başladı. Kütləvi şəkildə dollar alışı aşağı düşdü. Noyabra qədər riskli dövr hesab olunur. Dolların dəyər qazanması da gözlənilmir. Belə olan təqdirdə Azərbaycanda nəinki dollar bahalaşa bilər, əksinə ucuzlaşmalıdır”.