Qarşıdakı illərdə manatın ucuzlaşması qaçılmazdır -İqtisadçıdan ŞOK PROQNOZ

Bu il dolların bahalaşması gözlənilmir

 
 Son zamanlar devalvasiya mövzusu yenidən aktuallaşıb. Bəzi saytların yazdığına görə, banklar dollar satışını məhdudlaşdırıb. Bu xəbərlər ictimaiyyətdə narahatlığa səbəb olub. Mövzunu şərh edən iqtisadçı Emin Qədirli deyib ki, valyuta ilə bağlı məhdudiyyət yaranmasa, dolların satışı dayandırılmaz.
Onun sözlərinə görə, hazırda dolların satılmaması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir: “Hazırda dolların satışında heç bir problem yoxdur. Valyuta mübadiləsi məntəqələrinə baxsaq görərik ki, insanlar orada rahat şəkildə pul dəyişə bilirlər. Dolların satılmaması üçün bir səbəb də yoxdur. Ola bilər ki, müəyyən dairələr qarışıqlıq yaratmaq istəyirlər. Ölkədə keçiriləcək COP29 və digər tədbirləri görüb, bunu həzm edə bilməyənlər var. Ona görə də bu yollara əl atırlar”.

Ölkədə dollara tələbin artmasının bir neçə səbəbi olduğunu vurğulayan iqtisadçı-ekspert Eldəniz Əmirov isə “Sherg.az”a açıqlamasında deyib ki, bu səbəblərdən biri və birincisi, işğaldan azad olunan ərazilərdə həyata keçirilən yenidənqurma və bərpa işləridir: 

“Bu proses kifayət qədər idxal həyata keçirilməsinə ehtiyac yaradır. Görülən quruculuq işlərinin böyük əksəriyyəti idxal hesabına həyata keçirilir və bu da dollara tələbat yaradır”.  
Azərbaycanda dolların bahalaşması və devalvasiya olması ehtimalına gəldikdə isə ekspert hazırda dollara olan tələbin devalvasiya üçün heç bir zərurət yaratmadığı qənaətindədir: "Neftin qiyməti, ölkənin valyuta ehtiyatları, mövcud makro-iqtisadi vəziyyət imkan verir ki, devalvasiya olmadan 2024-cü ili uğurla başa vuraq. Lakin  mütləq heç nə yoxdur. Birmənalı olaraq  devalvasiyanın olub-olmaması ilə bağlı proqnoz vermək doğru olmaz. Sadəcə olaraq 2024-cü ilin sonuna qədər dolların bahalaşması ilə bağlı bir gözləntim yoxdur. Qarşıdakı illərdə isə manatın ucuzlaşması qaçılmazdır.