Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatına əsasən, Yunanıstanın Makedoniya və Frakiyada xırdabuynuzlu heyvanlarda çiçək xəstəliyi qeydə alınması səbəbi ilə onların Azərbaycana idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
“Sherg.az” xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Məlumatda bildirilir ki, AQTA başqa ölkələrdən respublika ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Belə ki, xəstəlik baş vermiş təsərrüfatın 10 km radiusda olan məsafədən diri xırdabuynuzlu heyvanların, onlara aid məhsullar və xammalın, o cümlədən genetik materialların idxalına WOAH-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Maraqlıdır, bu nüans ölkədə ətin qiymətinin bahalaşmaasına səbəb ola bilərmi?
Məsələ ilə bağlı "Sherg.az"a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, bu qadağanın ölkəmizə heç bir təsiri olmayacaq:
''Çünki Azərbaycan xırdabuynuzlu heyvanları əsasən Gürcüstan, Dağıstan və İrandan idxal edir. Yəni Azərbaycanın qeyd olunan ərazilərlə sıx alış-verişləri yoxdur. Ona görə də ətin qiymətində hansısa bahalaşmadan söhbət gedə bilməz. Ancaq qeyd edim ki, istənilən sahədə istehsal az olduqda qiymət artır. Yəni tələb təklifdən çox olduqda yüksəlmə baş verir. Həmçinin, insanların alıcılıq qabiliyyəti yüksələndə də qiymətlər də artır.".