Təbriz şəhərində hazırda uzun müddətli elektrik kəsintiləri ilə yanaşı ciddi yanacaq çatışmazlığının da yaşanması əhalinin etirazlarına səbəb olub.
Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilib ki, Təbriz Neftayırma Zavodu əyalətin yanacaq tələbatını qarşılamaq gücündə olmadığı üçün şəhərdə bir çox yanacaqdoldurma məntəqəsi fəaliyyətini dayandırıb.
Şərqi Azərbaycan əyalətinin Milli Neft Məhsullarının Paylama Şirkətinin direktoru Nasir Raşidi faktı təsdiqləyib.
“Zavodun istehsal etdiyi benzin əyalətin gündəlik ehtiyaclarını təmin etməyə qadir deyil. Hazırda Şərqi Azərbaycanda gündəlik 1.5, 2 milyon litr arası benzin çatışmazlığı yaşanır”, - Raşidi bildirib.
O, hökumətin İsfahandan Şərqi Azərbaycana yanacaq tədarükü barədə göstəriş verdiyini, ancaq yanacaq tankerlərinin çatışmazlığı səbəbindən bunun baş tutmadığını söyləyib.
Mütəxəssislər və siyasi fəalların fikrincə, İranın fərqli bölgələrində qeyri-bərabər inkişaf və fərqli bölgələr üçün düzgün planlaşdırmanın aparılmaması, həmçinin bəzi bölgələrdə enerji sektoruna kifayət qədər investisiya qoyulmaması bu cür problemlərin əsas səbəblərindən biridir.
İqtisadçı -ekspert Eyyub Kərimli “Sherg.az”a söyləyib ki, baş verən vəziyyət neft qıtlığı ilə bağlı deyil:
“Bu gün İranın kifayət qədər neft hasiletmə imkanı var. Hətta neft hasilatı üzrə 3 cü ölkədir. Digər tərəfdən rəsmi Tehran uzun müddətdir sanksiyalara məruz qalır. Bu da o deməkdir ki, yeni texnologiyalar İrana gətirilmir. Həmçinin İranda avtomobil parkı böyüyüb və tələbat çoxalıb. Bu baxımdan da ya yeni zavod tikilməli, ya da ki, köhnənin istehsal imkankarı artırılmalıdır. Bu prossesə isə İranın ı Qərb tərəfindən məruz qaldığ iqtisadi sanksiyalar imkan vermir. Sadaladıqlarımızın hər biri tədricən sənayenin və istehsalın iflasına şərait yaradır. Ümumiyyətlə siyasət həm də iqtisadiyyatla bağlıdır. Yəni siyasi gedişlər iqtisadiyyata da təsir edir. İran digər ölkələrdən hələ ki, benzin ixrac edə bilər. Ancaq qısa müddət ərzində yeni neftayırma zavodu tikilməsə İran böyük çətinliklərlə rastlaşacaq”.