"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) bu ilin ilk yarısını 17 milyon manat xalis zərərlə başa vurub.
“APA-Economics” bu barədə ASCO-nun maliyyə hesabatına istinadən xəbər verir.
Dövlət şirkəti bu ilin ilk yarısında 202,1 milyon manat gəlir əldə edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 75 milyon manat azdır. 167,6 milyon manat satışın maya dəyəri çıxıldıqdan sonra 34,4 milyon manat ümumi mənfəət yaranıb. Bu isə son bir il üzrə 2,6 dəfə azalma deməkdir.
Ümumi mənfəətin kəskin azalması ilə yanaşı ASCO-nun digər xərclərinin son bir ildə 34,9 milyon manatdan 46 milyon manata yüksəlməsi bu ilin ilk yarısında əməliyyatın zərərlə icra edilməsinə təsir edib. Belə ki, 2023-cü ilin ilk yarısında dövlət şirkəti 31,9 milyon manat əməliyyat mənfəəti əldə etdiyi halda, bu ilin eyni dövründə 18,9 milyon manat əməliyyat zərəri edib.
ASCO ümumilikdə ilk yarım ili 16,87 milyon manat xalis zərərlə başa vurub. Halbuki, ötən ilin ilk altı ayında 18,7 milyon manat xalis mənfəət əldə etmişdi.
Bununla belə, dövlət şirkətinin cəmi aktivləri son bir ildə 274 milyon manat artaraq 1 milyard 814 milyon manata çatıb. Cəmi öhdəlikləri 345,2 milyon manatdan 395,4 milyon manata, cəmi kapitalı isə 1 milyard 195,4 manatdan 1 milyard 419,6 milyon manata yüksəlib.