Bu ilin ilk 7 ayında ölkəmizin ticarət dövriyyəsi 26 milyard 239 milyon dollar olub
Ötən gün İqtisadi Şuranın sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Şuranın növbəti iclası keçirilib. Müzakirə edilən məsələlərdən biri də Azərbaycandan xaricə pul köçürmələri və ixrac dəyərinin tam qaytarılması ilə bağlı olub. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sentyabrın 26-da keçirilən müşavirədəki tapşırıqlarına uyğun olaraq bu sahədə nəzarətin daha da gücləndirilməsi prioritetləşib.
Millət vəkili Vüqar Bayramov “Sherg.az"a açıqlamasında deyib ki,
2024-cü ilin geridə qalan aylarının rəsmi statisikası göstərir ki, Azərbaycan ixracının həcminin azalmasına baxmayaraq, pul köçürmələrində artım müşahidə olunmaqdadır:
“Bu ilin ilk 7 ayında ölkəmizin ticarət dövriyyəsi 26 milyard 239 milyon dollar olub. Onun 15 milyard 446 milyon dolları ixracın, 10 milyard 793 milyon dolları isə idxalın payına düşüb. 2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,3 faiz, real ifadədə 5,0 faiz, o cümlədən idxal 3,0 faiz, ixrac isə 6,1 faiz azalıb. Göründüyü kimi, enerji məhsullarının qiymətinin azalması ümumi ixracatımızın həcminə də təsirsiz ötüşməyb.
Bütün bunlar ilə yanaşı, bu ilin ilk yarısında (hələlik 7 aylıq göstəricilər elan edilməyib) Azərbaycandan xaricə 343 milyon dollar pul köçürülüb. Xaricdən ölkəmizə köçürülən vəsaitlərin həcmi 36.4 faiz azalsa da, Azərbaycandan xaricə köçürmələr 34,7 faiz artıb.
Rəsmi statistika da təsdiq edir ki, Azərbaycandan xaricə pul köçürmələri və eləcə də ixracın dəyərinin ölkəyə tam qaytarılması üzrə nəzarətin daha da gücləndirilməsi aktuallaşıb. Daha çox valyutanın ölkədə qalması isə hər zaman əsas hədəflərdəndir”.